Cümə axşamı Toronto Universitetində (Kanada) Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilən tədbir keçirilib.
Toronto Universiteti yanında Azərbaycan Tələbə Assosiasiyasının (UofT-AzSA) və Azərbaycan-ABŞ Şurasının təşkil etdiyi tədbirdə tələbələr, Kanadanın Azərbaycan və Türkiyə icmalarının, eləcə də Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə AzSA nümayəndələri Toğrul İbrahimli və İsgəndər Qədirzadə çıxış edərək auditoriyanı erməni qoşunları tərəfindən Xocalı işğal edilən zaman azərbaycanlıların kütləvi qətliamı faktı və rəqəmləri haqqında məlumatlandırıblar.
Azərbaycan-ABŞ Şurasının baş direktoru, doktor Cavid Hüseynov Xocalı (1992-ci ilin fevralı) və Serebrenitsa soyqırımı (1995-ci ilin iyulu) arasında paralellər aparıb. O, qeyd edib ki, 2007-ci ildə Haaqa Beynəlxalq Tribunalı Serebrenitsada 8 min Bosniya müsəlmanının qətlini soyqırım kimi tanıyıb, halbuki Xocalı soyqırımı Qərb ictimaiyyətinin diqqətindən kənarda qalıb. 2010-cu ilin martında Serbiya Parlamenti xoşməramlılıq nümayiş etdirərək, Serbiya qoşunları tərəfindən törədilən cinayəti formal tanıyıb və üzr üstəyib. Eyni zamanda Xocalıda kütləvi soyqırımı ermənilərin "azərbaycanlıların mənliyini sındırmaq" cəhdi adlandıran Ermənistan rəhbərliyi, prezidenti hətta nəzəriyyə ilə bir araya sığmayan müxtəlif fikirlər uyduraraq törədilən cinayət faktı barədə utanmadan və vəhşicəsinə qeyd edirlər ki, guya azərbaycanlılar özləri bir-birini qırıb.
Tədbirdə Avrasiya Tədqiqat İnstitutunun azərbaycanlıların 1918-ci ilin martında Qubada daşnaq birləşmələri tərəfindən kütləvi qırılmasından bəhs edən "Soyqırım: Quba" sənədli filmi də nümayiş olunub.
Tədbirin sonunda Azərbaycan və Türkiyə icmalarının azərbaycanlıların soyqırımı barədə həqiqətin Kanada ictimaiyyətinə çatdırılmasında rolu haqqında fikir mübadiləsi edilib. Azərbaycan-ABŞ Şurasının nümayəndələri təşkilat tərəfindən ABŞ Konqresinə və mətbuatına məktubların göndərilməsi üçün işə salınan "Pax Turcica Capwiz" yeni sistemi nümayiş etdiriblər və Kanada Parlamentinə məktubların göndərilməsi üçün oxşar sistemlərin yaradılması imkanlarını müzakirə ediblər.