...

Ermənistan XİN rəhbəri Madrid prinsiplərinə sadiqliyi təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2011 12:08 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Madrid prinsiplərini və Akvildə "böyük səkkizlik" sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə irəli sürülən təklifləri dəstəklədiyini təsdiq edib.
Ermənistan XİN rəhbəri Madrid prinsiplərinə sadiqliyi təsdiqləyib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbirlər S.Ağayeva, Y.Ostapenko/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Madrid prinsiplərini və Akvildə "böyük səkkizlik" sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə irəli sürülən təklifləri dəstəklədiyini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə ATƏT-dən bildirilib.

Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərinə təklif etdiyi Madrid prinsipləri özündə güc tətbiq edilməməsini, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü ehtiva edir.

Nalbandyan cümə axşamı ATƏT-in Daimi Şurasının iclasında çıxış edib. Hər həftə Vyanada çağırılan Daimi Şura təşkilatın qərar qəbul etmək səlahiyyətlərinə malik əsas orqanlarından biridir.

"ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilərin beynəlxalq birlik tərəfindən tanınan yeganə formatı olaraq qalır", - Nalbandyan münaqişənin sülh yolu ilə həllinə ümidini ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

2008-ci ildən danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini müntəzəm görüşləri keçirilir. Prezidentlərin növbəti görüşü martın beşində Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü və Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək.

Hazırda həmsədrlər Rusiyadan İqor Popov, Fransadan Bernar Fasye və ABŞ-dan Robert Bradtkedir.

Xəbər lenti

Xəbər lenti