...

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 18:10 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov gələn həftə Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 17:38-də dərc edilib)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov gələn həftə Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər. Bu barədə ATƏT saytında həmsədrlərin bəyanatında deyilir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri martın 5-də Soçidəki görüşdən əvvəl və ondan sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən dərin narahatdırlar. Belə mənasız aktlar təsdiq edilərsə, bu, tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə səy göstərmək barədə öhdəlikləri ilə ziddiyyət təşkil edir", - məlumatda deyilir.

Məlumatda bildirilir ki, həmsədrlər səfir, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anji Kaspşikdən, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Soçidə verdikləri bəyanatda razılaşdırıldığı kimi, bütün təfələrin iştirakı ilə dərhal araşdırma aparmağı xahiş ediblər.

Həmsədrlər gələn həftə regiona səfərləri zamanı tərəfləri istintaqla tam şəkildə əməkdaşlıq etməyə çağıracaqlar.

"Həmsədrlər istənilən insan tələfatını pisləyir və bütün tərəfləri atəşkəs rejimi haqqında 1994-cü il tarixli sazişə sadiq olmağa və hörmət etməyə və 2010-cu ilin oktyabrında Həştərxanda və bu ayın əvvəlində Soçidə qəbul edilən öhdəlikləri yerinə yetirməyə çağırırlar", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti