...

Azərbaycan Ermənistan tərəfinə bir mülki şəxsi təhvil verəcək; daha üç nəfər üçüncü dövlətə göndərilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 20:10 (UTC +04:00)
Cümə axşamı saat 14:00-da Azərbaycan Ağdam rayonunda erməni tərəfə Ermənistan vətəndaşı Artur Badalyanı təhvil verəcək, Azərbaycan tərəfinə isə hərbi qulluqçu Anar Hacıyev veriləcək.
Azərbaycan Ermənistan tərəfinə bir mülki şəxsi təhvil verəcək; daha üç nəfər üçüncü dövlətə göndərilib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Cümə axşamı saat 14:00-da Azərbaycan Ağdam rayonunda erməni tərəfə Ermənistan vətəndaşı Artur Badalyanı təhvil verəcək, Azərbaycan tərəfinə isə hərbi qulluqçu Anar Hacıyev veriləcək. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib.

Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov, 10 may 2009-cu il tarixdə kiçik çavuş Anar Hacıyev əsir götürülüb.

Sayılovun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan üç erməni hərbi qulluqçunu onların istəyi ilə üçüncü dövlətə göndərib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda üç erməni hərbi qulluqçu və beş mülki şəxs (bir ailənin üzvləri) var.

2010-cu il oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüşü keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərini mübadilə etmək barədə razılığa gəliblər".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti