...

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı reallıqları əks etdirməlidir - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 18:42 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri lazımdır.
ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı reallıqları əks etdirməlidir - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri lazımdır. Amma bu gediş-gəlişlər o qədər çox olub ki, Azərbaycan cəmiyyətində bununla bağlı "turist səfərləri" imici formalaşıb. Trend-in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib. Bu barədə YAP-ın rəsmi saytı məlumat yayıb.

Əhmədov bildirib ki, həmsədrlərin üzərinə böyük vəzifələr qoyulub və onlar bu vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini artırmalıdırlar.

"20 ilə yaxındır ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, münaqişənin danışıqlar yolu ilə həllinə nail ola bilməyib. İstərdik ki, Minsk qrupunun həmsədrləri Azərbaycan cəmiyyətində onlar haqqında formalaşmış "turist" imicini dəyişdirsinlər", - YAP sədrinin müavini vurğulayıb.

Həmsədrlər tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatının tərəflərə təqdim edilməsinə gəlincə, Əli Əhmədov bildirib ki, bütün missiyalar real faktları əks etdirməlidir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunub, bir milyon insan öz doğma yurdlarından didərgin salınıb, Ermənistan öz təcavüzkarlığından əl çəkməyib. "Bu məsələlərin araşdırılması, faktların ortaya çıxarılması münaqişənin nizamlanması prosesinin sürətlənməsinə, torpaqların işğaldan azad edilməsinə gətirib çıxarmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, belə missiyalar vacib olsa da, nəticə etibarilə münaqişəyə tezliklə son qoyulmalıdır", - Əli Əhmədov qeyd edib.

YAP sədrinin müavini vurğulayıb ki, bu yaxınlarda azyaşlı uşağın erməni hərbçiləri tərəfindən qətlə yetirilməsi Ermənistanın təcavüzkar mövqeyinin bariz nümunəsidir. Onun sözlərinə görə, Sarkisyan hakimiyyəti bu faktı beynəlxalq aləmdən yayındırmağa çalışsa da, məqsədinə çata bilməyəcək. "Azərbaycanın apardığı işlər nəticəsində dünya ictimaiyyəti ermənilərin günahsız uşağı öldürməsi barədə məlumatlıdır. Eyni zamanda, həmsədrlər bu barədə təkzibolunmaz faktlara malikdir. Ona görə də Sarkisyan da bunu etiraf etməlidir", - Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti