...

Ermənistan tərəfindən atılmış təxribat xarakterli addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini irəli apara bilməz - Türkiyə XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2011 20:56 (UTC +04:00)
Ermənistan tərəfindən atılmış təxribat xarakterli addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini irəli apara bilməz - Türkiyə XİN rəhbəri
Ermənistan tərəfindən atılmış təxribat xarakterli addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini irəli apara bilməz - Türkiyə XİN rəhbəri

Fransa, Strasburq, 12 aprel /Trend, müxbir A.Məhərrəmli/

Ermənistan tərəfindən atılmış təxribat xarakterli addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini irəli apara bilməz. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-nın yaz sessiyasının ikinci iş günündə AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun sualına cavabında deyib.

Hüseynov sualında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı və işğal altındakı ərazidə hava limanının inşası məsələsinə toxunub.

"Müxtəlif xarici qüvvələrin vasitəsilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və son 20 il ərzində bu torpaqları nəzarəti altında saxlayan Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyin ziddinə olaraq, məsələnin diplomatik vasitələrlə, sülh yolu ilə həllinə hər cür maneələr törətməkdə davam edir. Təcavüzkar Ermənistanın danışıqlar və nizamlanma prosesinə növbəti zərbəsi işğal altındakı ərazidə hava limanı inşa etmək və Yerevan - Xankəndi reysi açmaqdır. Dağlıq Qarabağ Ermənistanla həmsərhəd olmadığından Ermənistandan ora uçuşlar Azərbaycanın hava məkanından həyata keçirilə bilər. Ermənistan bu təxribat xarakterli təşəbbüsü ilə, səma sərhədlərinin icazəsiz olaraq xarici dövlət tərəfindən pozulduğu təqdirdə, Azərbaycanı adekvat tədbirlər görməyə və güc tətbiq etməyə sövq edir. Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanı bu təhlükəli hərəkətlərindən çəkindirmək üçün hansı qabaqlayıcı addımlar ata bilər?", - azərbaycanlı deputat soruşub.

Davudoğlu cavabında qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilmiş bu cür təxribat xarakterli addımlara son qoyulmalıdır.

"Əvvəlki çıxışlarımda da dediyim kimi, bu məsələ ümumiyyətlə, AŞ Nazirlər Komitəsində müzakirə edilməyib. Əgər ehtiyac yaranarsa, əlbəttə ki, bu məsələni müzakirə edə bilərik. Hazırda ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, lakin mən Türkiyənin xarici işlər naziri kimi qeyd etmək istərdim ki, belə təxribat xarakterli hərəkətlər münaqişənin sülh yolu ilə həlli prosesini irəli apara bilməz. Hər iki ölkənin prezidentləri arasında aparılan sülh danışıqlarını sürətləndirmək üçün Ermənistan tərəfindən həyata keçirilmiş bu cür təxribat xarakterli addımlara son qoyulmalıdır", - Davudoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti