...

"Böyük səkkizlər"in növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə oluna bilər - Azərbaycan politoloqu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2011 13:45 (UTC +04:00)
"Böyük səkkizlər"in (G8) Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə oluna bilər.
"Böyük səkkizlər"in növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə oluna bilər - Azərbaycan politoloqu

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Hacıyev/

"Böyük səkkizlər"in (G8) Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə oluna bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"Bu sammit Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm məkan ola bilər. Həmin sammitə Azərbaycan və Ermənistan prezidentləri çağırıla və yenilənmiş Madrid prinsipləri ilə bağlı sənəd imzalana bilər", - Əhmədoğlu əlavə edib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatları haqqında da danışıb. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı kifayət qədər ciddidir.

"Son bir ildəki bəyanatlar münaqişənin tənzimlənməsi prinsiplərinə uyğun gəlmirdi, ancaq bu bəyanat münaqişənin nizamlanması üçün əsas prinsipləri özündə ehtiva edir. Bu dəfə güclü Azərbaycan ordusu diplomatik proseslərə böyük təsir göstərdi. Azərbaycan aviasiyasının təlimləri ATƏT-in Minsk qrupunun həmsədrlərini belə bir bəyanat verməyə vadar etdi", - o vurğulayıb.

Əhmədoğlu onu da bildirib ki, Ermənistanın mövqeyində ciddi məntiqsizlik var.

"Ermənistan prezidenti çıxışında iddia edib ki, sərbəst yerdəyişmə hüququ Avropanın açar prinsiplərindən biridir. Erməni prezident bu məsələni Azərbaycanın Xankəndi şəhərində hava limanının açılmasına rəsmi Bakının icazə verməməsi ilə bağlayıb. Erməni prezident yada salmaq istəmir ki, Ermənistan özü Azərbaycan torpaqlarını işğal altında saxlamaqla azərbaycanlıların nəinki Avropada, heç öz doğma torpaqlarında da sərbəst hərəkət etməsinə imkan vermir", - Əhmədoğlu qeyd edib.

Politoloq bildirib ki, ermənilərin Qarabağ münaqişəsinin tənzimləməsində insan hüquqları amilini önə çəkməsi də məntiqsizlikdir.

"Ermənilər iddia edirlər ki, Qarabağ münaqişəsinin həlli insan hüquqlarının təmin olunmasına əsaslanmalıdır. Deyirlər ki, Qarabağ ermənilərinin hüquqlarının təmin olunması məqsədiilə Qarabağa müstəqillik verilməlidir. Ermənilər bu prinsiplərində də məntiqsizlik ortaya qoyurlar. Çünki insan hüquqları hamıya aiddir. Ermənilərin hüququnu müdafiə etmək üçün azərbaycanlıların hüququnu pozmaq olmaz", - Əhmədoğlu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti