...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edərsə, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmayacaq - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2011 14:12 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ (DQ) münaqişəsində hərbi yolla Ermənistanı məğlub edəcəksə, bu zaman ermənilər Azərbaycandan daha çox Türkiyədən narazı qalacaqlar.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edərsə, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmayacaq - Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu

Azərbaycan Dağlıq Qarabağ (DQ) münaqişəsində hərbi yolla Ermənistanı məğlub edəcəksə, bu zaman ermənilər Azərbaycandan daha çox Türkiyədən narazı qalacaqlar. Çünki erməni şüuru Azərbaycanı qalib kimi qəbul edə bilmir: Ermənistan uduzubsa, Azərbaycana yox, Türkiyəyə uduzub. Bunun bir səbəbi Türkiyə ilə Azərbaycanın strateji, qardaşlıq münasibətləri ilə əlaqəlidirsə, digər səbəbi erməni ictimai şüurunun xəstəliyi ilə bağlıdır. Ona görə də müharibədə Azərbaycana uduzmuş Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması da mümkün deyildir. Belə vəziyyətdə Azərbaycan və Rusiya birlikdə Ermənistanın RF-nin ətrafında qalmasına çalışırlar. Bu, çox mümkün variantdır. Ermənistanın Gürcüstan vasitəsilə Qərbə tərəf qaçması variantını da bu halda həll etmək mümkündür. DQ və Azərbaycanın digər problemi olan Naxçıvanla əlaqə məsələsi Rusiyanın iştirakı ilə həll edildikdən sonra Ermənistanın Qərbə tərəf qaçmasına şərait yaradan Gürcüstana Azərbaycan tərəfi təzyiq göstərə bilər. Bu, mürəkkəb mexanizmdir, amma RF-nin elitasının bunu başa düşəcəyi təqdirdə Qafqaz regionunda çox məsələlər asanlıqla həll oluna bilər. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının indiki və gələcək perspektivləri ilə bağlı istənilən məsələni Azərbaycan Türkiyə ilə müzakirə etmək və qaneedici cavab almaq imkanına malikdir.

Siyasi resursu tükənmiş RF hərbi resursu ortalığa qoymaqla və ya Azərbaycanın hərbi resursunun işlənməsinə hər hansı formada şərait yaratmaqla DQ münaqişəsinin tənzimlənməsində ciddi dönüş yarada bilər. Bu, indiki dövrdə Rusiya üçün həyati zəruri məsələdir. RF bu addımı atmayacaqsa, onun Qafqaz siyasəti iflasa uğrayacaq, Qafqazda maraqlar uğrunda gedən mübarizədə xeyli itkiyə məruz qalacaqdır.

Fikrimizi bir az da aydın izah edək. DQ münaqişəsinin həllində Azərbaycanın hərbi resurs tətbiq etməsinə rəvac verməsi Rusiya üçün minimum iki qazanc vəd verir: birincisi,Ermənistan RF-nin təsir zonasında qalır. Ermənistanın indiki kursu Rusiyadan qaçma kursudur. İkincisi, RF Qafqazda xüsusilə onun şimalında mövqeyini xeyli gücləndirir.

RF-nin siyasi və hərbi elitasının Azərbaycanın DQ münaqişəsini hərbi yolla həll etməsinin Rusiyanın indiki və strateji maraqlarına uyğun olduğunu dərk etməsi demək olar ki, bütün məsələləri həll edir.

Xəbər lenti

Xəbər lenti