...

Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll edilməlidir - NATO-nun xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2011 19:20 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində rol oynamır, lakin bir şey aydındır ki, münaqişənin hərbi yolla həlli ola bilməz, yeganə həll yolu diplomatik yoldur.
Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll edilməlidir - NATO-nun xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Y.Ostapenko/

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində rol oynamır, lakin bir şey aydındır ki, münaqişənin hərbi yolla həlli ola bilməz, yeganə həll yolu diplomatik yoldur. Trend-in məlumatına görə, bu barədə Bakıda mətbuat konfransında NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

İndiki səfər Appaturayın xüsusi nümayəndə vəzifəsində Azərbaycana ilk səfəridir. Əvvəllər o, alyansın rəsmi nümayəndəsi vəzifəsini tutub və ötən ilin noyabrında yeni vəzifəyə təyin edilib.

Appaturayın Azərbaycana səfəri iki dəfə təxirə salınıb.

Onun sözlərinə görə, o, Bakıda çoxlu səmərəli danışıqlar aparıb, lakin daha səmərəlisi Azərbaycan Prezidenti İlham Əliyevlə olub.

"Biz Azərbaycana koalisiyanın Əfqanıstandakı səylərinə töhfəsinə görə minnətdarıq", - Appaturay bildirib. Onun sözlərinə görə, Bakıda görüşlər zamanı tərəflər arasında spesifik sahələrdə gələcək əməkdaşlıq müzakirə edilib.

Xüsusi nümayəndənin sözlərinə görə, energetika, kibertəhlükəsizlik və Əfqanıstanda birgə səylər NATO və Azərbaycan arasında potensial əməkdaşlıq sahələridir.

Beynəlxalq koalisiya qüvvələri Əfqanıstanda ABŞ beynəlxalq terrorizmlə müharibəyə başlayanda 2001-ci ildən yerləşdirilib. Koalisiyaya 47 dövlət daxildir. Bunun 19-u NATO-nun üzvü deyil.

Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 90 sülhməramlısı xidmət edir.

Xüsusi nümayəndənin sözlərinə görə, o, ölkənin bütün əsas nazirliklərində danışıqlar aparıb. Danışıqlar zamanı əməkdaşlıq sahələri ətraflı müzakirə edilib.

NATO tərəfdaş ölkələrinin səs hüququ ilə bağlı xüsusi nümayəndə qeyd edib ki, alyansın əməliyyatlarında iştirak edən NATO-nun bütün tərəfdaş ölkələri bu əməliyyatlar üzrə qərarların qəbul edilməsi prosesində də iştirak edir.

Xəbər lenti

Xəbər lenti