...

ATƏT sədri Dağlıq Qarabağ üzrə sülh sazişinin əldə olunacağına inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 17:51 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında baza prinsipləri üzrə sazişin əldə olunmasını və hərtərəfli sülh müqaviləsinin hazırlanmasına keçidi prioritet və mümkün hesab edir.
ATƏT sədri Dağlıq Qarabağ üzrə sülh sazişinin əldə olunacağına inanır

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında baza prinsipləri üzrə sazişin əldə olunmasını və hərtərəfli sülh müqaviləsinin hazırlanmasına keçidi prioritet və mümkün hesab edir.

"Bu məqsədə tam nail olmaq olar və tərəflər bunu özlərinin birinci növbəli vəzifələri hesab etməlidirlər", - bu barədə Trend-ə müsahibədə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib.

Onun sözlərinə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hələ də Minsk qrupu və Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatı çərçivəsində istənilən səyləri dəstəkləməyə hazırdır.

Üç prezidentin son görüşü iyunda Rusiyanın Kazan şəhərində keçirilib. Say etibarilə doqquzuncu olan bu görüşlə 20 ilə yaxın nəticəsiz davam edən danışıqlar prosesində irəliləyiş olacağına böyük ümidlər var idi. Lakin danışıqlar nizamlanmanın əsas prinsipləri üzrə razlığa gəlmədən başa çatıb. Birgə bəyanatda tərəflər bu məqsəd üçün yalnız irəliləyiş olduğunu bildiriblər.

"Bu yaxınlarda keçirilən Kazan görüşü bizim hamımızın ümid etdiyi baza prinsipləri üzrə sazişin əldə olunmasına səbəb olmasa da, məni hələ də tərəflərin nizamlanmaya danışıqlar yolu ilə nail olmağa hazır olmalarını təsdiq etmələri ruhlandırır", - Ajubalis qeyd edib.

"Bu yanaşmaya əsaslanmaq və baza prinsipləri üzrə sazişə mümkün qədər tez nail olmaq çox vacibdir", - o bildirib.

Görüş ərəfəsində mayın sonlarında ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatla çıxış ediblər. Onlar bəyanatda Azərbaycan və Ermənistan liderlərini siyasi iradə göstərməyə və Kazan görüşü zamanı nizamlanmanın baza prinsipləri üzərində işi başa çatdırmağa çağırıblar.

ATƏT sədri tərəfləri bundan əvvəl Soçi və Həştərxanda liderlərin üçtərəfli formatda görüşlərində əldə olunan razılıqlara hörmət etməyə çağırıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan gərginliyin azaldılması üçün tədbirlər görməlidirlər, mümkün qədər tez hərbi əsirlərin mübadiləsini etməlidirlər və təmas xətti yaxınlığında insidentlərin araşdırılmasını aparmalıdırlar, eləcə də atəşkəs rejimini və hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə tədbirləri gücləndirməlidirlər.

"ATƏT və Minsk qrupunun həmsədr ölkələri tərəfindən münaqişə tərəfləri ilə nizamlamada irəliləyişin nail olunması üçün işə dəqiq sadiqlik var", - Ajubalis əmin edib.

"Bu ondan xəbər verir ki, Cənubi Qafqaz regionu bütün ATƏT regionunun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyətə malikdir, dinc yolla nizamlanma bizim ümumi maraqlarmızdadır və başlıca prioritetimizdir", - o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti