Azərbaycan, Bakı, 18 iyul /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə yekun nizamlanma haqqında danışıqlara keçid üçün əsas kimi baza prinsiplər üzrə sazişin əldə olunmasının vacibliyini bir daha təsdiq ediblər. Bu barədə Minsk qrupunun bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov qeyd ediblər ki, indi regionun xalqları üçün, davamlı sülhün, təhlükəsiz barışın əldə olunması üçün vacib olan siyasi iradəni nümayiş etdirməyin əsl vaxtıdır.
"Prezidentlər çərçivə sənədi üçün təklif olunan son düzəlişlərə keçidlə bağlı işə sadiqliyi və dinc nizamlanmanın axtarışı prosesi üzərində həmsədrlərlə işləməyi davam etdirməyi təsdiqlədilər", - bəyanatda deyilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə birgə iyulun 11-18-də Moskva, Vilnüs, Bakı və Yerevana səfər ediblər.
"ATƏT sədri və həmsədrlər iyulun 11-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə Minsk qrupunun iş prosesini müzakirə ediblər. İyulun 13-də Vilnüsdə həmsədrlər xarici işlər naziri Audronyus Ajubalisi sülh prosesinin gedişi və iyunun 24-dəki Kazan görüşündən sonra qəbul edilən addımlar barədə məlumatlandırıblar. Bakıda və Yerevanda həmsədrlər prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər", - təşkilatın saytında deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.