Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birgə 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Trend-in məlumatına görə, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.
Müraciətdə qeyd edilir ki, ikili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi ağır itkilərə məruz qalır.
"Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının beşdə bir hissəsi zəbt olunub, 1 milyonadək insan öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırım aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olub, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilib. Eyni zamanda, minlərlə soydaşımız itkin düşüb, əsir və girov götürülüb, atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir", - müraciətdə qeyd olunub.
Müraciətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən azyaşlı azərbaycanlı uşaqlar - Fariz Bədəlov və Aygün Şahmalıyevanın qətlə yetirilməsi xatırlanıb və qeyd olunub ki, bu uşaqların qətli erməni qəddarlığını bir daha sübut edir.
Həmçinin müraciətdə vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırım siyasəti nəticəsində insanların əsas hüquq və azadlıqları, xüsusən də yaşamaq hüququ, o cümlədən fundamental kollektiv hüquqlardan olan sülh hüququ və inkişaf hüququ davamlı olaraq kütləvi və kobud şəkildə pozulur.
Müraciətdə Ermənistanın beynəlxalq hüququn tələblərinə əməl etməməsi də qeyd olunub.
"BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874, 884 saylı qətnamələri, habelə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan işğal olunmuş Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin olunması, həmçinin bütün işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi, Avropa Şurası, ATƏT tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi sənədlər hələ də icra olunmur", - müraciətdə deyilir.
Ombudsman hesab edir ki, belə bir vaxtda sülhyaratma proseslərinə dəstək verilməli, sülhü qoruyub saxlamaq, xalqların rifahını yüksəltmək istiqamətində bütün səylər birləşdirilməlidir.
Azərbaycan ombudsmanı Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birgə 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.