...

Azərbaycan və Ermənistan nümayəndə heyətləri Strasburqda görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2011 14:38 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına dair qərarına hörmətlə yanaşılmalı və riayət edilməlidir.
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Strasburqda görüşəcəklər

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına dair qərarına hörmətlə yanaşılmalı və riayət edilməlidir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında qurumun sədri Mövlut Çavuşoğlu deyib.

"Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası AŞPA-nın xoş niyyətinin rəmzidir. AŞPA-nın bu Alt Komitənin yaradılmasına dair 2005-ci ildə qəbul edilmiş qətnaməsi var. Alt Komitənin əvvəlki sədri Lord Rassel Constonun vəfatından sonra sözügedən Komitə fəaliyyətini dayandırdı. Büro onun fəaliyyətinin bərpa olunmasına dair qərar verib. Amma Ermənistan nümayəndə heyəti buna sevinmədi. Mən onları başa düşürəm. Bəzi həmkarlarımın Alt Komitənin fəaliyyətinin bərpa olunmasının mənim təşəbbüsüm olduğunu deməsi normal deyil. Bu, Büronun yekdilliklə qəbil etdiyi qərardır", - Çavuşoğlu bildirib.

AŞPA sədri bu qərara riayət etməyin vacibliyini vurğulayıb.

"Avropa İnsan Haqları Məhkəməsinin də bununla bağlı qərarı var. Orada deyilir ki, Büronun qəbul etdiyi qərarlar yerinə yetirilməlidir. Alt Komitə heç də Dağlıq Qarabağla bağlı ikili işlərlə məşğul olmayacaq. Bu Komitə münaqişənin humanitar tərəfi ilə məşğul olacaq. Bu münaqişə öz həllini tapmalıdır. Bu gün günün ikinci yarısında Alt Komitənin növbəti iclası keçiriləcək. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri bu görüşdə iştirak edəcəklər", - Çavuşoğlu deyib.

Xəbər lenti

Xəbər lenti