Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/
Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Gido Vestervelle cümə günü erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Almaniya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Danışıqlar zamanı ikitərəfli və regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Vestervelle yenidən münaqişə tərəflərini kompromis əldə etməyə çağırıb. Onun sözlərinə görə, mövcud status-kvo münaqişənin eskalasiyası üçün xeyli təhlükə törədir və etimadın möhkəmləndirilməsi üzrə təcili olaraq növbəti tədbirlər qəbul etmək lazımdır. Hər iki nazir razılaşıb ki, ATƏT-in Minsk qrupu danışıqlarda mərkəzi rol oynayır və gələcəkdə proses Aİ tərəfindən daha çox dəstəklənə bilər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.