...

Rasim Musabəyov: Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2011 16:43 (UTC +04:00)
Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır.
Rasim Musabəyov: Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilərin Xankəndi aeroportunu işə salmağa hazırlaşmasını şərh edərkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.

"Bu, heç də ermənilərin təbliğ etdiyi kimi, asan bir iş deyil. Söhbət təkcə yeni aeroportun tikilməsindən getmir. Hələ naviqasiya məsələlərini həll etmək vacibdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə Azərbaycanın buna qadağa qoymağa tamamilə haqqı çatır", - Musabəyov qeyd edib.

Xankəndi-Yerevan hava nəqliyyatının açılması məsələsi Ermənistan və Azərbaycan arasında ikitərəfli formada həll olunmalıdır. Bunu əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mətbuat katibi Denis Şaqnon deyib. O qeyd edib ki, hava reyslərini həyata keçirmək üçün hava gəmisinin göndərilmə və çatma limanlarının razılığını əldə etmək lazımdır. Bu tamamilə əsaslandırılmış və məntiqi mövqedir, çünki Xankəndi Azərbaycan şəhəri, Yerevan isə Ermənistanın paytaxtıdır.

Ermənistan KİV xəbər verir ki, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2 min 300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib.

Ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və rəsmi Bakının icazəsi olmadan Xankəndinə digər ölkələrdən təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti