Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Ağayeva /
ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For öz missiyasına hazırlaşır. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin rəsmi məlumatında deyilir.
Səfir Bernar Fasye Minsk qrupundakı fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq. Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş Jak For öz missiyasına hazırlaşır. Hazırda o, Minsk qrupunun həmsədrlər institutunun fəaliyyətini öyrənir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.