Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M. Əliyev/
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Ermənistan tərəfi hazır deyil və bu, münaqişənin həllində razılığın əldə olunmamasının əsas səbəbidir.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.
PA rəsmisinin sözlərinə görə, münaqişənin həllinin sonrakı mərhələsini yanvarın 23-də Soçidə keçiriləcək prezidentlərin növbəti görüşünün nəticələri göstərəcək.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.
Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.