...

Müdafiə Nazirliyi: Azərbaycan atəşkəs rejiminə maksimum dərəcədə sadiq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2012 10:58 (UTC +04:00)
Ermənistan müdafiə nazirinin dedikləri ya doğru deyil, ya da onlar itkilərinin sayını gizlədirlər.
Müdafiə Nazirliyi: Azərbaycan atəşkəs rejiminə maksimum dərəcədə sadiq qalır

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan müdafiə nazirinin dedikləri ya doğru deyil, ya da onlar itkilərinin sayını gizlədirlər. Bunu Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Ohanyanın fikirlərinə münasibət bildirərkən deyib.

"Düşmən atəşkəs rejimini demək olar hər gün pozur və atəşkəslə bağlı məlumatı həm biz, həm də onlar mətbuata verir. Ohanyan isə deyir ki, qarşı tərəfin yalnız erməni əsgərinin ölümü və ya yaralanması ilə nəticələnən dəqiq atəşlərinə cavab verilməsi barədə tapşırıq verib. Ohanyanın məntiqi ilə belə çıxır ki, hər gün erməni tərəfinin itkisi, yaxud da yaralısı olur və deməli, Ermənistan müdafiə nazirinin dedikləri ya doğru deyil, ya da onlar itkilərinin sayını gizlədirlər", - Abdullayev deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü David Karapetyan təkcə 2011-ci ildə Azərbaycan tərəfinin guya 13 500 dəfə atəşkəsi pozduğunu iddia edir.

"Onda Ohanyanın məntiqi daha çox zərbə altında qalır. Bütün bunlar başını itirmiş bir ordunun real görüntüsüdür", - rəis müavini deyib.

Onun sözlərinə görə, Azərbaycan atəşkəs rejiminə maksimum dərəcədə sadiq qalır və qarşı tərəf atəş açmamış silah işə salınmır.

"Amma onlar atəş açan kimi dərhal cavab verilir. Bu, belə olub və belə də olacaq. Atəş açmasınlar, cavab da verilməsin", - nazirlik sözçüsü deyib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri bildirib ki, guya, Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycan Silahlı Qüvvələri atəşkəş açdıqdan sonra cavab atəşi açır. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Ohanyanı yalan danışmaqda ittiham etmişdi. Bundan sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Karapetyan Azərbaycan Müdafiə Nazirliyinin ittihamını cavablandırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti