Azərbaycan, Bakı, 17 fevral / Trend /
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 20 il ötür.
Trend-in məlumatına görə,1992-ci il fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak olub.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin ermənilər tərəfindən güllələnib, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb və hamının gözü qarşısında güllələnib.
Faciə nəticəsində 80-ə yaxın Qaradağlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 9 nəfər əsir götürülüb, 6 nəfər itkin düşüb.