...

Mübariz Əhmədoğlu: Status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bütün aspektlərinə aid edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 13:20 (UTC +04:00)
Status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bütün aspektlərinə aid edilməlidir.
Mübariz Əhmədoğlu: Status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bütün aspektlərinə aid edilməlidir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bütün aspektlərinə aid edilməlidir. Bunu cümə günü Trend-ə açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Status-kvonun təhlükəli olması, dəyişdirilməsi, həm də mümkün qədər tez dəyişdirilməsi barədə verilən bəyanatlar şüara çevirilib. Status-kvonun dəyişdirilməsi həmsədrlərin fəaliyyətinə təsir etməlidir. Bu məqsədlə həmsədrlər işğalçı ilə işğala məruz qalan arasında balans axtarmaq strategiyasından əl çəkməlidirlər. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan prinsiplərdə ərazi bütövlüyü prinsipini birinci yerdə qoymaqlarının mahiyyətini izah etməlidirlər", - Əhmədoğlu əlavə edib.

Politoloq hesab edir ki, vasitəçilər "millətlərin öz müqəddəratını təyinetmə" prinsipini tənzimləmə üçün nəzərdə tutulmuş prinsiplərin siyahısından çıxarmalıdırlar.

"Çünki Dağlıq Qarabağ erməniləri müstəqil olmaq deyil, Azərbaycanın ərazi bütövlüyünü pozmaq istiqamətində fəaliyyət göstəriblər. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin qəbul etdiyi qərarın Dağlıq Qarabağ ermənilərinin müstəqil olmasına qətiyyən aidiyyəti yoxdur", - politoloq vurğulayıb.

Onun sözlərinə görə, hər halda vasitəçilik missiyasının iflasa uğraması vasitəçilərə də aydındır. Onlar bu iflasa görə şəxsən məsuliyyət daşıyırlar.

"Vasitəçilik missiyasının iflası qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi ideyasından başladı. Vasitəçilər Ermənistana qoşularaq Azərbaycan ərazisində hansı hərbi birləşmənin harada və necə yerləşməsi məsələsinə qarışmağa başladılar. Ermənistan hərbçilərinin Azərbaycan ərazisində hansı beynəlxalq qanunlara uyğun fəaliyyət göstərməsi ilə qətiyyən maraqlanmadılar. Vasitəçilər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü təşkil etmək istiqamətində bir dəfə də olsun addım atmayıblar", - Əhmədoğlu deyib.

Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana nə edə biləcəkdisə, artıq edib.

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu şəraitində də öz inkişaf modelini tapa bildi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Azərbaycan Respublikası ilə bərabər, daha çox Ermənistana, ermənilərə, həmsədr dövlətlərə, eləcə də vasitəçilik missiyasının özünə zərər verir. Status-kvonun dəyişdirilməsi ATƏT-in Minsk qrupunun vasitəçiliyinin, ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə sədrinin mandatlarına da aid edilməlidir. Adıçəkilən institutlar 20 ildən çoxdur ki, eyni mandat əsasında fəaliyyət göstərirlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki status-kvonun dəyişdirilməsinə gedən yol vasitəçilərin düşüncəsi və davranışındakı status-kvonun dəyişdirilməsindən keçir", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti