Azərbaycan, Bakı, 26 fevral /Trend/
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov Xocalının müdafiəsində qəhrəmancasına şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını çatdıran nazir müavini onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Sonra nazirliyin Cevik Polis Alayında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə amansızlıqla qətlə yetirilmiş, soyqırıma məruz qalmış xocalıların, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğurunda həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri 366-cı motoatıcı alayın şəxsi heyətinin və ağır texnikasının köməyi ilə mühasirədə olan Xocalını işğal edib. Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Keçmiş respublika rəhbərliyinin əliyalın xalqın müdafiəsinə qalxmaması, baş verən soyqırıma vaxtında qiymət verməməsi, törədilən vəhşiliyin əhalidən və dünya ictimaiyyətindən gizlədilməsi bir daha onu sübut edir ki, xalqımızın iradəsini qırmağa, onun gözünü qorxutmağa hesablanmış belə hadisələrin senarisi keçmiş SSRİ rəhbərliyinin razılığı ilə yazılıb.
Xocalıda baş vermiş soyqırımın XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima, Holokost faciələri ilə eyni səviyyədə durduğunu deyən Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi mədəniyyət abidələrinin məhvi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının vəhşicəsinə dağıdılması erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə bu soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımı haqqında kitabların, filmlərin, stendlərin dünyanın hər yerində nümayiş etdirilməsi, diaspor vasitəsilə beynəlxalq aləmin məlumatlandırılmasını diqqətə çatdıran nazir müavini Əsgər Ələkbərov vurğulayıb ki, "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları da bu sahədə dövlət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır.
Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, insanlığa qarşı yönəlmiş bu qətliama siyasi və hüquqi qiymət yalnız ulu öndərimizin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından, Azərbaycanda baş verən hadisələr dərindən təhlil edildikdən sonra verilib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanlarla bu faciə xalqımıza qarşı törədilən soyqırımı kimi qiymətləndirilib, Milli Məclisin qərari ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" imzalanmış fərmana əsasən isə hər il fevralın 26-da saat 17:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Daha sonra məruzəçi soyqırımın beynəlxalq miqyasda tanınması üçün aparılan işlər barədə danışıb.
Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasimin sonunda daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov vurğulayıb ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.