Azərbaycan, Bakı, 26 fevral /Trend/
Xocalı qırğınının insanlıq əleyhinə cinayət kimi tanınması, onu törədənlərin qınanması və pislənilməsi üçün Rumıniya - Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası Rumıniya senatorlar palatasının sədrinə və bütün senatorlara müraciət ünvanlayıb.
Azərbaycanın Rumıniyadakı səfirlikdən bazar günü Trend-ə verilən məlumata görə, müraciətdə erməni silahlı qüvvələri tərəfindən dinc və günahsız mülki Azərbaycan əhalisinə qarşı 26 fevral 1992-ci il tarixində Xocalıda törədilmiş qırğın haqda təfərrüatlı məlumat verilir. Eyni zamanda bildirilir ki, "20-ci əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı beynəlxalq mətbuat və insan hüquqları üzrə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınsa da, dünya bu ağır cinayətə layiqli hüquqi qiymət verməyib. Əksinə, hiyləgər erməni diasporunun aldadıcı cəhdlərinin təsiri altında xüsusən Avropadakı bir sıra ölkələr Osmanlıda baş vermiş toqquşmaları qondarma "soyqırım" kimi qəbul edib, nəticədə tarixçilər tərəfindən ortaya çıxarıla biləcək həqiqət və gerçəkliklərə bilərəkdən göz yumaraq bir çox siyasətçilər və dövlət rəhbərləri bu amildən siyasi divident qazanmağa çalışıblar. Bu gün diasporunun köləsinə çevrilmiş Ermənistan dövləti Xocalıda günahsız insanlara qarşı törətdiyi qırğını ört-basır edə bilməz, çünkü soyqırımı törədənlər öz qanlı əməllərini müxtəlif dövrlərdə davamlı şəkildə, "qürurla" və utanmazcasına ictimaiyyət qarşısında etiraf ediblər".
Müraciətdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və s. beynəlxalq təşkilatların qətnamə və qərarlarına istinad edilərək təcavüzkar ölkənin beynəlxalq ictimaiyyətin çağırışlarına indiyə kimi məhəl qoymaması diqqətə çatdırılıb.
Azərbaycanlı gənclər onu törədənlərin niyyətinə və məqsədinə görə Xocalı qırğınının sadə cinayət kimi deyil əslində soyqırım kimi tanınmasının vacibliyinə diqqət çəkərək, Rumıniya senatından dünyanın gözü qarşısında baş vermiş soyqırıma göz yummamağı, dünya ictimaiyyətinin gələcəkdə bir daha bu cür amansız qəddarlığa məruz qalmaması üçün erməni qoşunlarının insan ləyaqətini alçaldan qanlı və təhqiramiz əməllərini qınamağa və ədalətin bərpa olunması üçün dəhşətli soyqırım nəticəsində Azərbaycan xalqının izdirabını dindirmək məqsədilə həm Rumıniya senatında həm də beynəlxalq təşkilatlarda müvafiq qərarlar qəbul etməyi xahiş ediblər.
Beynəlxalq mətbuat və təşkilatların Xocalıda törədilən vəhşilikləri təsdiqləyən bəyanatları və qeydləri müraciətə əlavə olunub.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.