...

Elmar Məmmədyarov: Ermənilərin mövqeyi Dağlıq Qarabağ ətrafında danışıqlarda irəliləyişin əldə olunmasına mane olur (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2012 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir V.Javoronkova/

Ermənilərin qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ ətrafında danışıqlarda irəliləyişin əldə olunmasına mane olur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq biz irəliləyiş əldə edə bilmirik", - Məmmədyarov İƏT-ə üzv olan ölkələrin "beyin mərkəzlərinin" III forumunda çıxış edərkən bildirib.

O qeyd edib ki, həmsədr ölkələr yeni baza prinsipləri təqdim ediblər və Azərbaycan onları sülh sazişinin əldə olunması üzrə işlərə başlanılması üçün böyük stabilliyə və danışıqlar prosesində irəliləyişə gətirib çıxaracaq yaxşı baza kimi qəbul edib.

"Erməni tərəfi yenilənmiş prinsipləri qəbul etməkdən imtina etdi. Bütün səylərdən sonra biz danışıqlarda irəliləyişə nail ola bilməmişik və bu çox vaxt regionda status-kvonun saxlanmasına çalışan və Azərbaycan ərazilərindən qoşunların çıxarılması ilə razılaşmayan erməni tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən baş verir", - nazir deyib.

Onun sözlərinə görə, şərt kifayər qədər sadədir- hamı etiraf edir ki, başqa dövlətin ərazisində xarici qoşunların olması qətiyyən yolverilməzdir, irəliləyiş mərhələli şəkildə əldə edilməli və ilk addım Ermənistanın qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılması olmalıdır.

"Biz qonşularımızla yaxşı münasibətlər qura bilmişik, lakin regionun sabit inkişafına bir məsələ - Dağlıq Qarabağ üzrə Ermənistanla münaqişənin həll olunmaması mane olur", - Məmmədyarov bildirib.

Nazir deyib ki, BMT qətnamələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa və qaçqınların öz torpaqlarına qayıtmasına çağırır.

"Lakin təəssüf ki, biz həmin qətnamələrin həyata keçirilməsinə nail ola bilmirik. BMT TŞ-nin bir sıra qətnamələrinin həyata keçirilməsinə ya ertəsi gün, ya da bir həftə ərzində başlandığı halda Dağlıq Qarabağla bağlı qətnamələr indiyədək reallaşdırılmayıb. Halbuki hamı Azərbaycan ərazilərinin işğal altında olduğunu, əhalinin etnik təmizlənməyə məruz qaldığını etiraf edir", - Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri bunun çox ağır və həssas mövzu olduğunu qeyd edib.

"Biz inanırıq ki, Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxması və məcburi köçkünlərimizin öz Vətənlərinə qayıtmaları üçün danışıqlarda irəliləyişin əldə olunmasına hər cür səy göstərilməlidir", - nazir deyib.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan anlayır ki, Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxması hələ münaqişənin nizamlanmasının sonu deyil, prosesin tamamlanması üçün Dağlıq Qarabağın statusunun müəyyən olunması vacibdir.

Nazir bildirib ki, Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından sonra tamamilə dağıdılan kommunikasiyaların açılması imkanı meydana çıxacaq, yollar, dəmir yolları bərpa ediləcək.

"Qoşunların təmas xəttində mütəmadi olaraq atışmalar baş verir, lakin bu halların Azərbaycanın ərazisində yad dövlətin qoşunlarının olmasına görə baş verdiyini hamı etiraf edir", - Məmmədyarov deyib.

"BMT nizamnaməsinə görə, hamı tərəfindən tanımış beynəlxalq hüquq normaları var, onlara uyğun olaraq biz öz ərazilərimizi qanunsuz olaraq orada yerləşən xarici qoşunlardan azad etmək üçün bütün üsullardan istifadə edə və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilərik. Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbi BMT-nin və başqa təşkilatların, eləcə də İƏT-in qətnamələrində aydın şəkildə əks olunub", - nazir deyib.

Məmmədyarov qeyd edib ki, münaqişə tərəfləri qaçqınların və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları üçün, o cümlədən iqtisadi imkan yaratmalıdırlar.

"Dağlıq Qarabağ məsələsində sabitlik olmasa da, onda heç olmasa stabilliyin ola biləcəyi vəziyyəti yaratmaq lazımdır", - o qeyd edib.

"Bu il həmsədr ölkələrin hər üçündə seçkilər ilidir, bundan əlavə Ermənistanda da seçkilər gözlənilir və indi danışıqlar aparmaq çətindir. Bu il kifayət qədər çətin ildir, lakin biz öz tərəfdaşlarımıza bu vəziyyətdən sülh danışıqlarının əngəllənməsi üçün deyil, xüsusən də etimadın möhkəmləndirilməsi vasitəsilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında böyük anlaşmanın yaradılması üçün istifadə olunmasını təklif edirik", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycanın məntiqi sadədir - heç kim öz xalqını götürüb qonşularından qaça bilməz.

"Bəşəriyyət tarixi göstərir ki, sərhəd divarlarının ucaldılması xeyir gətirmir. Bu, səmərəli deyil. Bu, kiməsə xoş gəlməyə bilər, lakin sən öz qonşularınla hesablaşmalısan ki, bu da birmənalı olaraq təkcə iqtisadiyyatın deyil, həmçinin cəmiyyətin stabil inkişafına kömək edir", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri Azərbaycan və Ermənistan xalqlarının qarşılıqlı faydası üçün irəliləyişə nail olmalıdırlar.

"İnanıram ki, biz buna ədalətli mövqeyimizi dəstəkləyən islam dünyasının köməyi ilə nail olacağıq. Azərbaycanın inkişafında yeganə problem bu münaqişənin həllidir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti