...

Bahar Muradova: Erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 17:12 (UTC +04:00)
Son günlər erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir.
Bahar Muradova: Erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Son günlər erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Bu, danışıqların bir tərəfi olan Ermənistanın qeyri-konstruktiv mövqedə olması və danışıqlar prosesindəki mövqeyi ilə real mövqeyinin ziddiyyət təşkil etməsinin göstəricisidir", - o deyib.

Muradova qeyd edib ki, erməni tərəfinin son hərəkətləri əldə olunmuş nəticəni tamamilə kölgə altına qoyur və perspektivi şübhə altına alır.

Vitse-spiker son vaxtlar atəşkəs rejiminin pozulmasının ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə üst-üstə düşməsi ilə bağlı deyib ki, son hadisələr insanı kifayət qədər fikirlər söyləməyə və müxtəlif istiqamətlərdə mülahizələr irəli sürməyə vadar edir.

"Amma görünən odur ki, öndə ermənilərdir. Onlar digər müxtəlif maraqların, həm də öz maraqlarının ifadəçisinə çevrilməkdə davam edirlər", - o deyib.

Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətin yaydığı məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti