...

Sarkisyanın son bəyanatı Dovexdə erməni hərbçilərin qətlinin səbəbkarının onun özü olduğunu sübut edir – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2012 12:20 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan başda olmaqla erməni rəsmilər və ekspertlər son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hərbi insidentlərə və bu insidentlər nəticəsində baş vermiş itkilərə insani əxlaqa sığmayan məzmunda münasibət bildirdilər.
Sarkisyanın son bəyanatı Dovexdə erməni hərbçilərin qətlinin səbəbkarının onun özü olduğunu sübut edir – politoloq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistan Prezidenti Serj Sarkisyan başda olmaqla erməni rəsmilər və ekspertlər son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hərbi insidentlərə və bu insidentlər nəticəsində baş vermiş itkilərə insani əxlaqa sığmayan məzmunda münasibət bildirdilər. Hərbi itkilərlə bağlı məsələdə öz ölkələrini qalib tərəf kimi göstərirlər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

"Həqiqətən, 4 və 5 iyunda baş vermiş insidentlərdəki hərbi itkiləri hesablasaq, Azərbaycan hərbçiləri 5, erməni hərbçiləri isə 4 itkiyə məruz qalıb. Erməni rəsmilər, ekspertlər son vaxtlarda "1-ə 10" terminini dövriyyəyə buraxıblar. Guya ermənilər bir erməni hərbçinin əvəzinə 8 və ya 10 Azərbaycan hərbçisini öldürməklə Azərbaycanı cəzalandırmalıdırlar. Ermənilərin bu "kəşfi" Azərbaycan və Ermənistan əhalisinin və ordunun şəxsi heyətinin say nisbətinə və cəzanın üç dəfə artıq olmasına dair sərsəmləməyə əsaslanır. Azərbaycan Ordusunun gücü ermənilərdə qorxu yaradıb. Ona görə də 1-ə 10-la bağlı fikirləri xülyadır. Azərbaycan Ordusu erməniləri "qınınadək" qovmağa qadirdir", - o qeyd edib.

Politoloq bildirib ki, 25 aprel-2 may tarixlərində, parlament seçkilərinin sonuna az qalmış Ermənistanın Tavuş rayonunun Dovex kəndində 3 erməni hərbçi öldürüldü, 3-ü yaralandı. Bu kəndə bir neçə dəfə hücum edildi. Prezident Sarkisyan son insidentlərin hesablama nöqtəsini Dovex hadisələrindən yox, 4 və 5 iyun hadisələrindən götürdü.

"Bu, artıq o deməkdir ki, Sarkisyan Azərbaycan tərəfini Dovexdə erməni hərbiçilərin öldürülməsində günahkar kimi qəbul etmir. Belə alınır ki, Sarkisyan Dovexdə 3 erməni hərbçini parlament seçkilərində əhalini müharibə ilə qorxutmaq üçün öldürtdürdü və özünə lazım olan nəticəni əldə etdi. Əgər Dovexdəki 3 hərbçini də azərbaycanlılar öldürübsə, onda itkilərin statistikası dəyişir; son insidentlərdə erməni tərəfi 7, Azərbaycan tərəfi isə 5 itki verib", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Sarkisyanın Azərbaycan Ordusu haqqında bildirdiyi rəy də öz səviyyəsinə uyğundur. Bu adam nizami ordunun necə olduğunu görməyib və bilmir. Dünyanın hər yerindən toplaşıb gəlmiş erməni terrorçuların və xarici havadarların hesabına müharibənin birinci mərhələsini udublar.

"Bu gün Azərbaycan dövləti nizami ordu qurub və indi bu ordu özünü bu qaydada real müharibə şəraitinə hazırlayır, çünki ermənilərin başa düşdüyü dil yalnız müharibə dilidir. Müharibənin nə zaman başlayacağını və ya bəlkə də başladığını Sarkisyan müəyyənləşdirə bilməz, çünki bu, onun özünə ölüm hökmü kəsməsi deməkdir. Ona görə də ağıllanması məsləhətdir", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti