...

Azərbaycan XİN: Ermənistan Prezidenti dünya ictimaiyyətini aldatmaq üçün daha bir cəhd göstərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2012 18:16 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan utanmadan dünya ictimaiyyətini aldatmaq yönündə növbəti cəhd göstərib. Bu barədə cümə günü Trend-ə Sarkisyanın ATƏT-in səfirləri ilə görüşünü şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
Azərbaycan XİN: Ermənistan Prezidenti dünya ictimaiyyətini aldatmaq üçün daha bir cəhd göstərib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan Prezidenti Serj Sarkisyan utanmadan dünya ictimaiyyətini aldatmaq yönündə növbəti cəhd göstərib. Bu barədə cümə günü Trend-ə Sarkisyanın ATƏT-in səfirləri ilə görüşünü şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

"20 ildir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın özünün pozduğu regionun təhlükəsizliyindən söhbət gedə bilməz", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazın bu gününə və gələcəyinə ən böyük ziyan vurur və buna görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

"Təcavüzkar, fərasətsiz siyasət həyata keçirən Ermənistan hakimiyyəti utanmadan xalqının gələcəyini oğurlayır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Sarkisyan Minsk qrupu və sülh prosesindən danışarkən ATƏT-in terminləri ilə manipulyasiya etməklə kobud şəkildə növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinin həllini uzatmağa çalışır.

"Yerevanın fikrincə, bunun üçün bütün vasitələr, o cümlədən hər dəfə fürsət düşəndə Ermənistan hakimiyyətinin status-kvonu saxlamaq istəyinə haqq qazandırmaq üçün istənilən faktlarla spekulyasiya etməsi yaxşıdır", - mətbuat katibi deyib.

Abdullayevin sözlərinə görə, seçkilər ərəfəsində Sarkisyan radikal və ultramilli dairələrin dəstəyini qazanmaq üçün ucuz siyasi şou göstərməklə yüzlərlə isterik populist bəyanatlarla guruldadı.

"Bəli, Ermənistanın hakimiyyəti və şəxsən Prezidenti müharibəni, xüsusən, Azərbaycanın Xocalı şəhərini, günahsız qadın və uşaqların öldürülməsini görüblər. Bu an Ermənistanın hakimiyyət nümayəndələrinin ağlına hansı fikirlər gəlirdi? Onlar yüzlərlə dinc sakinin qəddarcasına öldürülməsinə görə peşmançılıq hissi keçiriblərmi?" - o qeyd edib.

Abdullayev vurğulayıb ki, Sarkisyanın dediyi kimi, hər şeyi öz adı ilə çağırmaq lazımdır.

"Təcavüz iyirmi ildən sonra da təcavüz olaraq qalır. Ermənistanın günahı səbəbindən yaranan bir milyon qaçqın və məcburi köçkün, habelə etnik təmizləmə çox qəddar cinayətdir. Azərbaycan vətəndaşlarının evsiz-eşiksiz qalması və öz torpaqlarından qovulması faktları dünya ictimaiyyətinə məlumdur", - mətbuat katibi qeyd edib.

Abdullayev deyib ki, regionun təhlükəsizliyinə ən böyük təhdid Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır.

"Qoy, Sarkisyan xarici diplomatlara yalan danışmasın və günhasız kimi hərəkət etməsin", - Abdullayev bildirib.

Qeyd edək ki, Sarkisyan ATƏT-in bir sıra ölkələrinin akkreditə olunmuş səfirlərini qəbul edərkən bildirmişdi ki, Bakı regionun təhlükəsizliyinə təhdid göstərir.

"Bilirsiniz ki, mən müharibə görmüş insanam, buna görə də yeni müharibə istəmirəm. Mən müharibənin fəsadlarını, təsirini dərk edirəm. Əminəm ki, bölgəmizin təhlükəsizliyinə görə narahat olanlar müharibə istəmir. Lakin təkcə istək azdır, addımlar atmaq lazımdır. Bu addımlar hər şeyi öz adı ilə çağırmaqdan başlamalıdır. "Siyasi nəzakət" hazırda regional təhlükəsizliyə birbaşa təhdiddir", - Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bunu Sarkisyan deyib.

Xəbər lenti

Xəbər lenti