...

Ariel Koen: Qərb neft-qaz infrastrukturunun təhlükə altında olduğu zaman Azərbaycanın tərəfində dayanacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2012 12:49 (UTC +04:00)
Barak Obama administrasiyasının Suriyada, İranın nüvə proqramı ətrafında, indi həmçinin Qəzzadakı problemləri olmasaydı, həmin problemlərin sırasına Dağlıq Qarabağ da daxil ola bilərdi.
Ariel Koen: Qərb neft-qaz infrastrukturunun təhlükə altında olduğu zaman Azərbaycanın tərəfində dayanacaq

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Barak Obama administrasiyasının Suriyada, İranın nüvə proqramı ətrafında, indi həmçinin Qəzzadakı problemləri olmasaydı, həmin problemlərin sırasına Dağlıq Qarabağ da daxil ola bilərdi. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen "Voys of Amerika" saytında dərc etdirdiyi məqaləsində yazır.

"Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki durğunluq son zamanlar artan gərginliklə dəyişilir. Münaqişə tərəflərinin bu yaxınlardakı bəyanatlarından sonra aydın oldu ki, eskalasiya yalnız Bakıya deyil, Yerevana da təsir edə bilər", - Koen yazır.

Onun fikrincə, hər iki paytaxtda siyasi elitalar rəqibin ünvanına hədələr söyləmək imkanını qaçırmırlar. Ancaq yaxın vaxtlarda Ermənistanın rəsmi şəxsləri yalnız Bakını deyil, həm də Xəzər regionunda Qərbin maraqlarını - energetika və strateji maraqları hədələməyə başlayıblar.

"Yerevanın ritorikasının nə üçün sərtləşdiyi aydındır: ölkədə prezident seçkilərinin vaxtı yaxınlaşır və bir neçə dəfə müxalifətin hücumlarına məruz qalmış prezident Serj Sarkisyan seçiciləri öz tərəfinə çəkməyə çalışır. Ancaq ritorikanın arxasında olduqca faciəli nəticələrə gətirib çıxara biləcək hərəkətlər dura bilər.
Bu yaxınlarda Ermənistanda və Dağlıq Qarabağda misli görünməmiş böyük hərbi təlimlər başa çatıb. Həmin təlimlərdə Ermənistan Silahlı Qüvvələri uzaqlığı 300 kilometrdən çox olan raket zərbələrinin variantlarını yoxlayıblar. Ermənistan SQ Baş qərargahının operativ idarəsinin rəhbəri, general-mayor Artak Davtyan jurnalistlərlə görüşdə bildirib ki, təlimlər çərçivəsində "şərti rəqibin" hərbi və iqtisadi obyektləri üzrə raket zərbələri endirilib. "Başqa sözlə, Yerevan Azərbaycanın energetika infrastrukturuna hücum variantlarını nəzərdən keçirir", - Koen yazır.

Onun bildirdiyinə görə, əgər belə imkana ciddi olaraq baxılarsa, onda görünür ki, Ermənistanın cəzasız qalmaq üçün az şansı olacaq. Bu təkcə Xəzəryanı regiondan qaza böyük ümidlər bəsləyən və çoxdan neft-qaz hasilatı sahəsində Bakı ilə sıx əməkdaşlıq edən Qərbin və Türkiyənin maraqlarına zidd olmayacaq, belə eskalasiya, həmçinin Ermənistanın əsas müttəfiqi olan Rusiyanın da xeyrinə deyil.

"Moskvanın növbəti sürəkli hərbi münaqişəyə qarışaraq Bakı ilə qəti şəkildə savaşmağa nə arzusu, nə də imkanı var. Xüsusən ona görə ki, bu halda Azərbaycanın tərəfində Avropa, ABŞ, Türkiyə, ərəb ölkələri və İsrail kimi ciddi qüvvələr olacaq", - Koen yazır.

Ekspert bildirir ki, Qərb üçün maraq kəsb edən strateji obyektlərə zərbələri həyata keçirməklə Yerevan Avropa liderlərinin sərt reaksiyasına nail olacaq. "Çünki xarici investisiyalar, transmilli şirkətlər təhdid altında olacaq və ilk növbədə yüksək neft nəhəngi BP misilsiz diplomatik, hərbi və kəşfiyyat təcrübəsinə malik olan Böyük Britaniyanı regionuna çəkib gətirəcək", - Koen qeyd edir.

Ekspertin fikrincə, indi Avropa İttifaqı qaz mənbələrinin diversifikasiyasına və Rusiyanın "QazProm" şirkətindən asılılığın azalmasına böyük əhəmiyyət verir. Qazı yalnız Şərqdən Qərbə deyil, həm də Cənubdan Şimala, Şimaldan Cənuba nəql etməyə qadir olan qaz kəmərlərinin şəbəkəsi genişlənir. Yağışdan sonrakı göbələklər kimi maye təbii qaz (MTQ) üçün terminallar artır. Avropa İttifaqının bu strategiyası çərçivəsində Türkiyə vasitəsilə qaz kəmərinin çəklməsi haqqında Azərbaycanla praktiki olaraq qəti razılaşma əldə olunub və yalnız qazın hansı marşrut üzrə gedəcəyini seçmək qalır. Ankara və Bakı Avropa İttifaqının işini asanlaşdırdı və TANAP qaz kəmərini tikməklə Azərbaycan qazı üçün Bolqarıstanla sərhədə qədər kəmərin hissəsini özləri çəkmək barədə razılaşdılar.

"Yerevan üçün faktiki olaraq, Avropanın enerji təhlükəsizliyini hədələyən bəyanatlar vermək ən azı düşüncəsizlikdir. Xüsusilə onun Qərbdən maliyyə asılılığını nəzərə alaraq. Müstəqillik illəri ərzində Ermənistan yalnız ABŞ-dan 2 milyard dollardan çox pulsuz maliyyə-iqtisadi yardım alıb. Rusiya Yerevana Qərbin bu qaydada maliyyə axınını əvəz etməyə hazır deyil", - Koen yazır.

O qeyd edir ki, ABŞ-ın da Bakının tərəfində olacağı şübhəsizdir.
Oktyabrın 19-da ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, Vaşinqton rəqabətin inkişafı və energetika bazarlarının inhisara almasının qarşısının alınması üçün mümkün olan hər şeyi etməkdə davam edəcək.

Koenin sözlərinə görə, bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, Vaşinqton Xəzər regionunda və Azərbaycanda enerji layihələrini tamamilə dəstəkləyəcək. Ekspert əmindir ki, Qərb Avropanın energetika təhlükəsizliyini təmin etmək və müttəfiqlərin Rusiyadan asılılığını zəiflətmək üçün ən güclü təzyiqi göstərəcək.

Koenin sözlərinə görə, Azərbaycanın neft-qaz infrastrukturu obyektlərinə hücumların daha bir nəticəsi qonşu dövlətlərin - Gürcüstanın və Türkiyənin enerji təhlükəsizliyinə zərbə ola bilər. "Azərbaycan qazının çatdırılmasının üçün çox böyük əhəmiyyət daşıyan Gürcüstan Ermənistanla sərhədləri açıq olan iki ölkədən biridir. Əgər Gürcüstanın qaz təchizatına təhlükə yaranarsa, Ermənistan Qara dənizə çıxışı itirə və çarəsiz vəziyyətdə qala bilər. Çünki Ermənistanla həmsərhəd olan İran çətin ki, Yerevanın xarici aləmlə kommunikasiyasında əhəmiyyətli rolu oynaya bilsin", - Koen yazır.

Ekspert hesab edir ki, çətin ki, Türkiyə də laqeyd qalsın. Ankara həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycanın mövqeyini dəstəkləyir və Ankaranın bu siyasəti qalacaq. Ekspert bu yaxınlarda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sözlərini xatırladıb.

"Yeri gəlmişkən, Suriya münaqişəsinə görə Rusiya-Türkiyə münasibətlərinin soyunması kontekstində Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin müdaxiləsindən Rusiyanın narazılığı artıq Ankaranı dayandırmaya bilər. Beləliklə, Azərbaycanın infrastrukturuna hücum bütün region üçün fəlakət olacaq ki, o yalnız Cənubi Qafqaz ölkələrinə deyil, həm də Rusiya, Avropa, ABŞ-a da toxuna bilər. Bu səbəbdən bu gün eskalasiya siyasətindən imtina etmək və faciəli hadisələrin inkişafının qarşısını almaq üçün hər cür səy göstərmək lazımdır", - Koen əminlilklə qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti