Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov və İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov arasında görüş keçirilib.
İcmadan Trend-ə verilən məlumata görə, görüşdə ilk olaraq İcmanın sədri Bayram Səfərov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin bu gün istər Azərbaycan, istərsə də bütün region üçün yaratdığı fəsadlar barədə məlumat verib.
Səfərov Aİ nümayəndəsinin diqqətinə çatdırıb ki, iyirmi ildir bu problemin həllinə çalışan beynəlxalq qurumlar bir çox məqamlarda ikili standartlara yol verir və münaqişəsinin həllində qətiyyətli mövqe göstərmirlər. Həmçinin, İcma sədri bu münaqişənin çox yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunacağına əmin olduğunu bildirib.
Öz növbəsində, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının əlaqləndirmə şurasının sədri Orxan Əkbərov qeyd edib ki, Aİ-nin bu münaqişənin həll olunmasında rolu və bu gün münaqişənin həllində daha yaxından fəaliyyət göstərməsi zəruridir.
"Ancaq təəssüf ki, bir sıra beynəlxalq qurumların göstərdiyi səylər konkret nəticələr vermir. Belə ki, artıq iyirmi ildir ATƏT-in Minsk qrupu bu problemin həlli üçün çalışır, lakin ortada real təkliflər yoxdur. Eyni zamanda, BMT-nin Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi dörd qətnamə var ki, onların da heç biri yerinə yetirilməyib", - Əkbərov deyib.
O qeyd edib ki, bu problemin həlli üçün Aİ-nın dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.
Filip Lefort da öz növbəsində Bakıda olmaqdan və Dağlıq Qarabağın azərbaycanlı icması ilə belə bir görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirib və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Aİ üçün son dərəcə vacib məsələdir.
O deyib ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan da daxil olmaqla hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. Aİ münaqişənin tez bir zamanda və sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.
Eyni zamanda, Filip Lefort münaqişənin həlli prosesinin sürətləndirilməsi üçün icmalararası dialoqun təşkil olunmasının vacibliyini vurğulayıb.