...

Elnur Aslanov: Ermənistan beynəxalq hüquq normalarına riayət etməli və qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2012 22:44 (UTC +04:00)

Türkiyə, İstanbul, 6 dekabr /xüsusi müxbir A.Bədəlova/

Ermənistan beynəxalq hüquq normalarına riayət etməli və qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cümə axşamı İstanbulda keçirilən Xəzər forumunda çıxışı zamanı deyib.

"Yalnız bu halda regionda həqiqi sülh və stabillik bərqərar olacaq. Biz hesab edirik ki, davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin həlli bütün Cənubi Qafqaz regionu və Avrasiyanın rifahı üçün həyati əhəmiyyətlidir", deyə Aslanov bildirib.

Aslanov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəyən ümumi ziyan 431 mlrd. dollar məbləğində qiymətləndirilir.

"Eyni zamanda, Azərbaycan və Ermənistan öz hərbi büdcələrini artırmaqda davam edirlər. Bundan əlavə, regionda böyük bir humanitar fəlakət - 20 faiz Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın insanın qaçqın və məcburi köçkün həyatı yaşaması ilə qarşılaşmışıq.

"Lakin bizim səbrimiz tükənməz deyil. Bu münaqişənin həlli vaxtı çatıb", deyə o bildirib.

Aslanovun sözlərinə görə, Azərbaycan tərəfindən atılan bütün addımlar ondan xəbər verir ki, bu ölkə münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir.

"Bizim problemi həll etmək istəyimiz və iradəmiz var. Təəssüf ki, qarşı tərəfdən bu kimi siqnallar olmayıb. Buna baxmayaraq, biz Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu barədə danışıqları davam etdirməyə hazırıq," deyə o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti