Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/
Avropanın təhlükəsizliyinin təminatı növbəti 10 ildə bizim çiyinlərimizə düşür. Trend-in məlumatına görə, bunu Bakıda çərşənbə günü GUAM Parlament Assambleyasının (PA) 5-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Əzimov deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmır. XİN rəhbərinin müavini 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaraq, bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.
"Nəzərə almaq lazımdır ki, Avropanın təhlükəsizliyinin təminatı növbəti 10 ildə bizim çiyinlərimizə düşür", - Əzimov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan GUAM-a sədrliyi dövründə bir neçə vacib təşəbbüslərlə çıxış edib, beynəlxalq aləmdə qurumun əlaqələrinin genişlənməsinə çalışıb.
Əzimov katibliyin işini yüksək səviyyədə qiymətləndirərək vurğulayıb ki, katiblik regional layihələrin təşkilatçısı kimi çıxış etməklə beynəlxalq əməkdaşlığın genişlənməsində böyük iş görüb.
O qeyd edib ki, GUAM-ın öz fəaliyyətində konkret nəticələrə gəlməsi çox önəmlidir. "Üzv ölkələrin çoxunda münaqişələr mövcuddur və birgə fəaliyyət zamanı münaqişələrin həlli məsələsi vacib olmalıdır", - nazir müavini deyib.
Əzimov, həmçinin bildirib ki, quruma üzv ölkələr arasında ticarət dövriyyəsi, biznes əlaqələri, xüsusilə də turizm sahəsində əməkdaşlıqla bağlı görüləcək çox işlər var.
"Bundan başqa, biz boş qalan və işlənilməyən sahələri də axtarıb tapmalıyıq", - XİN rəhbərinin müavini deyib.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili iclasda bildirib ki, ümumi təhlükəsizliyə və iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verən GUAM-ın Parlament Assambleyası səylərin konsolidasiya edilməsi üçün bu istiqamətdə yaxşı platformadır.
"Bizim əsas məqsədimiz Xəzər və Qara dənizlər arasında əməkdaşlığı daha da inkişaf etdirmək və bu istiqamətdə bir sıra layihələri icra etməkdir", - o deyib.
Çeçelaşvili xüsusilə azad ticarət zonalarının yaradılması, nəqliyyat dəhlizinin formalaşdırılması, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qeyd edib.