Azərbaycan, Bakı, 11 may /Trend/
Erməni Silahlı Qüvvələri işğal altında olan ərazilərdə yanğınlar törədiblər.
Trend şənbə günü EL TV-yə istinadən xəbər verir ki, bu dəfə iri miqyaslı yanğın cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Belə ki, may ayının 10-u axşam saatlarından başlayaraq erməni əsgərləri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi ərazisindən, rayonun Orta Qışlaq və Çıraqlı kəndlərini avtomat və pulemyotlardan atəşə tutublar. Daha sonra erməni əsgərləri işğal altında yerləşən Şıxlar kəndi ərazisində, Ermənistan -Azərbaycan qoşunlarının təmas xəttindəki neytral ərazidə yanğınlar törədiblər.
Yerli sakinlərin sözlərinə görə, güclü alovla müşayiət olunan yanğınlar zamanı partlayışlar da olub.
Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal olunan Azərbaycan torpaqlarında iri miqyaslı yanğınlar törədir. Bu isə ərazinin təbii resurslarının, fauna və florasının məhvinə səbəb olub.