...

Peru parlamentində Xocalı soyqırımı ilə bağlı Qərar qəbul olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2013 17:21 (UTC +04:00)
Peru Respublikasının parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və Qərar qəbul olunub.
Peru parlamentində Xocalı soyqırımı ilə bağlı Qərar qəbul olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Peru Respublikasının parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və Qərar qəbul olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qərarda deyilir ki, 1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi başlayıb və ermənilər tərəfindən Xankəndindəki azərbaycanlı əhaliyə qarşı hücumlarla daha da kəskinləşib. 1988 və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi stabilliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiya olunmasına gətirib çıxarıb.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam baş vermişdir. Qətliam nəticəsində qadın və uşaqların da daxil olduğu 613 insan öldürülmüş, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüş, 76-sı azyaşlı olmaqla 487 nəfər əlil edilmiş, 26 uşağın hər iki, 130 uşağın isə ən azı bir valideyni qətlə yetirilmişdir.

Soyqırım kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

Qərarda daha sonra BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyi vurğulanır və qətnamələrdən ətraflı söz açılır. Həmçinin qeyd edilir ki, bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin pozulmazlığı prinsiplərini bir daha təsdiq etmişdir. Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar ziyanın dəyməsi də öz əksini tapmışdır.

Sözügedən sənəddə göstərilir ki, ATƏT-in Budapeşt Zirvə toplantısının qərarına əsasən 12 may 1994-cü il tarixdə atəşkəs elan edilsə də, atəşkəsin pozulma halları davam etməkdədir və belə hallar 2003-cü ildən bəri daha da intensivləşmişdir.

Qərarın sonunda Peru Konqresinin Xarici Məsələlər Komissiyası Konqresin Plenar iclasına aşağıdakıları təklif edib:

1. Ermənistan və Azərbaycan xalqlarının suverenliyinə tam hörmətini ifadə edərək, Peru Respublikasının Konqresi bu ölkələrin hökumətlərini münaqişəyə son qoymaq məqsədilə özlərinin uyğun hesab etdiyi formatda və mümkün olan ən qısa müddətdə razılaşma əldə etməyə çağırır.

2. Xocalı qətliamının nümunəsində münaqişə qurbanlarına edilmiş ədalətsizliyin hələ də aradan qaldırılmadığını xatırlayaraq, biz bəyan etməliyik ki, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və millətlər arasında harmoniyanın yenidən təsis edilməsinə töhfə verəcək mümkün tədbirlər istənilən sülh razılaşmasının əsas elementi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti