...

Bakıda Qubadlının işğalının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2013 13:17 (UTC +04:00)
Hazırda Dağlıq Qarabağ probleminə münasibətdə ədalətsizlik hökm sürür. Amma bu daim belə davam edə bilməz, tökülən qanlar yerdə qala bilməz. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasının 20-ci ildönümü ilə bağlı Bakıda Milli Təhlükəsizlik Nazilriyinin Mədəniyyət Mərkəzində keçirilən anım tədbirindəki çıxışında bildirib.
Bakıda Qubadlının işğalının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Hazırda Dağlıq Qarabağ probleminə münasibətdə ədalətsizlik hökm sürür. Amma bu daim belə davam edə bilməz, tökülən qanlar yerdə qala bilməz. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasının 20-ci ildönümü ilə bağlı Bakıda Milli Təhlükəsizlik Nazilriyinin Mədəniyyət Mərkəzində keçirilən anım tədbirindəki çıxışında bildirib.

Hökumət və Parlament rəsmiləri, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi yad edilməsi ilə başlayıb. Daha sonra "Yol gedir...Qubadlıya" adlı sənədli filmi nümayiş olunub.

Mərasimi giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyib ki, Ermənistanın təcavüzü başlanan dövrdə Qubadlı rayonu 238 şəhid verib. Rayona milyardlarla manat maddi ziyan dəyib. Köçkünlük dövründə 4476 nəfər Qubadlı rayon sakini dünyasını dəyişib.

O, qeyd edib ki, "Xocalıya ədalət" kampaniyası təcrübəsindən istifadə etməklə Azərbaycanın ayrı-ayrı rayonlarının işğalı, burada ermənilərin törətdikləri kütləvi vəhşilik və vandalizm hallarını da dünya miqyasına çıxarmağın vaxtı çatıb: "Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə gəlincə, Ali Baş Komandanımızın bu istiqamətdə atacağı hər hansı addımın və qəbul edəcəyi qərarın birmənalı şəkildə dəstəklənməsi və müdafiə olunması bizim üçün sübuta ehtiyacı olmayan aksiomadır".

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında Qubadlının tarixinə toxunaraq bildirib ki, məskunlaşma tarixi eramızın 4-cü əsrindən başlayan Qubadlı 18-cu əsrdən etibarən uzun illər Qarabağ xanlığına aid bölgə olub.

O, Qubalı rayonunun əhalisinin mərd, döyüşkən, dövlətə bağlı camaat olduğunu da deyib: "Qubadlı əhalisi çox mərd camaatdır. Bu əhali öz dolanışığını özü təmin edə bilir. Qubadlı əhalisi respublikanın 42 şəhər və rayonunda, əsas hissəsi, yəni 70 faizindən çoxu isə Sumqayıt şəhərində məskunlaşıb. Prinsip etibarı ilə bu rayonun əhalisi dövlətə, hökumətə yardım üçün müraciət etməyiblər. Ələbaxımlılıq bu camaata yaddır. Bu insanlar dövlətə xidmət edən şəxslərdir. Buna görə də onlar hörmət və izzətə layiq insanlardır. Hesab edirik ki, gün gələcək, bu torpaqlar azad olunacaq".

Əli Həsənov münaqişənin ilk illərində beynəlxalq humanitar təşkilatların və bəzi dövlətlərin Azərbaycanın qaçqın və məcburi köçkünlərinə etdiyi yardımları unutmadıqlarını və buna görə onlara minnətdar olduqlarını da bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Avrasiya üzrə əməliyyatlarının başçısı, cənab Korba Loranın da tədbirdə iştirakını, beynəlxalq humanitar təşkilatların bu problemə münasibəti kimi dəyərləndirib: "Kaş ki, dünyanın bəzi böyük dövlətləri, siyasətçiləri, dövlət başçıları da problemə bu cür münasibət göstərəydilər".

Onun sözlərinə görə, Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Lakin onun həlli Azəbaycan Prezidentinin, dövlətinin və xalqının imkanları çərçivəsindən çoxdan kənara çıxıb: "Əgər bu bizim Prezidentimizin səlahiyyətləri çərçivəsində olsaydı, çoxdan həll edərdi. Bu problemin həlli hələ 15-20 il bundan əvvəl Azərbaycanın və Ermənistanın hüdudlarından kənara çıxıb."

Sonda tədbir ədəbi-musiqili kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, tədbir iştirakçıları daha öncə Şəhidlər Xiyabanını da ziyarət edərək Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoyublar, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızların ruhuna dualar oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti