...

İranda “Qazi Qarabağ azanı” səslənəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2013 13:17 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov: “Ümidvarıq ki, Xocalı faciəsinin anım günü “Qazi Qarabağ azanı” İranda səslənəcək”
İranda “Qazi Qarabağ azanı” səslənəcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

"Ümidvarıq ki, Xocalı faciəsinin anım günü "Qazi Qarabağ azanı" İranda səslənəcək". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İrana səfəfi zamanı bildirib.

DQİDK-dan Trend-ə verilən məlumata görə, İrana işgüzar səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti və Ümumdünya "Əhli Beyt" Təşkilatının sədri ayətullah Əxtəri ilə görüşüb. Görüşlərdə toxunulan mövzulardan biri də Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı və bu problemin həlli prosesində İran tərəfinin mövqeyi barəsində olub.

Komitə sədri həmsöhbətlərinin diqqətinə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən müştərək dini dəyərlərimiz, o cümlədən islamın dini və mədəni abidələrinə qarşı vandalizm faktlarını çatdıraraq, qardaş İranın nüfuzlu din xadimlərinin bu məsələyə islam həmrəyliyi prinsipləri çərçivəsində münasibət bildirilməsinin vacibliyini xüsusi qeyd edib.

Nazir Əli Cənnəti İranın Qarabağın işğalını daim pislədiyini və bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirib.

Qarabağ məsələsində İranın beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Elşad İskəndərov DQİDK tərəfindən dəstəklənən və Azərbaycanın bir sıra dini icmaları tərəfindən irəli sürülən "Qazi Qarabag Azanı" təşəbbüsü barəsində məlumat verib. Komitə sədri bildirib ki, Dövlət Komitəsinin təklifi ilə Qarabağın işğalından əvvəl son dəfə verilən və Qarabağın azad edilməsi simvoluna çevrilən bu azanın Xocalı soyqırımını anım günündə müsəlman ölkələrinin paytaxtlarında Azərbaycanla həmrəylik rəmzi kimi səsləndirilməsi nəzərdə tutulur.

İranlı həmsöhbətlər təşəbbüsün təqdirəlayıq oldugunu və dəstəkləndiyini bildiriblər. Bununla əlaqədar təşəbbüsün İranda həyata keçirilməsi üçün hər iki tərəfdən zəruri təşkilati işlərin planı razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti