Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.
Trend-in məlumatına görə, jurnalistlərə açıqlama verən B.Muradova bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir: "ATƏT-in Minsk qrupunun fəaliyyətini hər zaman tənqid etmişik. Atəşkəsin əldə olunmasının 20 illiyi ərəfəsində yenə də başqa cürə danışa bilmirik. Çünki təəssüf ki, böyük ümidlər doğuran, münaqişənin həlli üçün imkanlar yaradan bu müddətdən səmərəli istifadə olunmadı və bu illər ərzində görülmüş müsbət işlər barədə bir-birimizi təbrik edə bilmədik".
Vitse-spiker deyib ki, bu müddət ərzində bəlkə də döyüşlərdən sonra bir az dincəlmək, ölkədaxili, beynəlxalq məsələlərlə məşğul olmaq imkanı yarandı, amma ölkə üçün ən önəmli, vacib olan Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Bu da bizi narahat edir. Atəşkəsin 20 illiyi ərəfəsində nə onu əldə edənləri, nə onun qorunub saxlanması üçün çalışanları, nə də həm Ermənistan, həm Azərbaycanda sülhün intizarında olan vətəndaşları təbrik edə bilirik".
B.Muradovanın sözlərinə görə, bu məsələ ATƏT-in sessiyalarında müzakirə olunur. Ölkələri də, beynəlxalq ictimaiyyəti də, insanları da qeyri-müəyyən vəziyyətdə saxlayan vaxtın uzanması qeyri-məqbul hesab edilir. ATƏT-in Bakıda keçirilən 23-cü illik sessiyasında mövcud durum nəzərə alınaraq bu məsələ ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, ATƏT-in illik sessiyası Bakıda iyunun 28-dən iyulun 3-nə kimi keçiriləcək.