Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlkin İzzət/
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Bakıdan gedən bir qrup media və ictimaiyyət nümayəndələri cəbhə xəttində olublar.
Trend-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist və 30-yaxın qeyri-hökumət təşkilatının nümayəndələri cəbhənin Füzuli-Beyləqan istiqamətindəki hərbi hissələrdə, eləcə də ön xəttə olublar. Məqsəd cəbhə xəttində baş verən hadisələrlə yerindəcə tanış olmaq və Ordumuza dəstək vermək olub.
Yüksək rütbəli hərbçilər tərəfindən onlara bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin bütün hərəkəti nəzarət altındadır, erməni silahlı bölmələrin təxribat xarakterli hücumlarının qarşısı bütünlüklə alınır.
Hazırda hərbçilərimiz tərəfindən cəbhə xətti boyu yüksək səviyyədə xidmət aparılır, heç bir ciddi problem yoxdur.
Hərbçilər qarşısında çıxış edən ictimaiyyət nümayəndələri isə Azərbaycan xalqının öz Silahlı Qüvvələri ilə fəxr etdiyini və öz Ordusuna inandığını bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədə olduğunu qeyd edərək ona dəstək olduğunu ifadə ediblər.
Bundan əlavə, Bakıdan gələn qonaqlar Beyləqan Hərbi Birliyinin Əlahiddə Tibb Taborunda da olaraq burada hərbçilərin müayinə və müalicəsi üçün yaradılmış şəraitdən razılığını ifadə edib, müalicə alan hərbçilərimizə şəfa diləyiblər.