Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Azərbaycan ərazilərinin 20 faizə yaxını, eləcə də Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən və 1 milyona yaxın dinc azərbaycanlını etnik təmizləməyə məruz qoyan Ermənistan təcavüzkardır. Trend xəbər verir ki, bu barədə ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) hərbi analitiki Denis Caffenin "The Hill" portalında dərc edilmiş məqaləsində deyilir.
Məqalədə bildirilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsinə çağıran dörd qətnaməsinə əhəmiyyət vermədi və ABŞ-da və başqa əsas ölkələrdəki erməni lobbisinin intensiv səylərindən, həmçinin Rusiyanın güclü hərbi və siyasi köməyindən öz maraqları üçün istifadə etməkdə davam edir.
Müəllif yazır ki, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının postsovet məkanına heç bir təsiri olmayacağını düşünənlər səhv edirdilər: Dnestryanı, Cənubi Osetiya və Abxaziya və bu yaxın vaxtlarda Krımı itirən Ukrayna Dağlıq Qarabağa oxşar separatizmin ssenariləridir.
Məqalədə deyilir ki, Ermənistanın ünvanına guya Azərbaycandan gələn hərbi təhdidlər haqqında iddialar həqiqətə məhəl qoyulmamasıdır. Reallıqda Ermənistan rəhbərliyi, xüsusilə hərbi rəhbərlik, bir neçə illər ərzində Azərbaycanın ünvanına ciddi təhdidlərlə çıxış edir.
Caffenin yazdığına görə, münaqişənin tarixi Azərbaycanın ünvanına erməni məmurlarının hərbi təhdidləri ilə doludur. Erməni tərəfi Azərbaycanı Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni pozmaqda ittiham edəndə, Dövlət Departamentinin Ermənistanın günahını aydın şəkildə göstərən hesabatını unudur. Bununla yanaşı, Ermənistan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni öz ərazilərində və əvvəlki kimi Azərbaycanın işğal olunmuş ərazilərində pozur. Amma erməni lobbisi tarixən Konqresin rəyinə təsir etmək iqtidarında olub.
Məqalədə deyilir ki, Ermənistan İrana silah ixracı üçün yeni sanksiyalardan güclə qaçdı. BMT Təhlükəsizlik Şurası həmçinin Ermənistandan Liviyaya, Müəmmər Qəddafi rejiminə silah çatdırılması haqqında sübutlara malikdir. Ermənistan hökumətinin və prezidentinin pozuntu və qalmaqallarının siyahısı olduqca genişdir.
Rusiya və İranla əlaqələr, ABŞ Konqresində erməni lobbiçiliyi Ermənistanın təcavüzkar olması və bütün dünyada və keçmiş SSRİ-nin ərazisində təhlükəsizliyi təhdid etməsi faktına etinasızlıq yarada bilmir. Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və ölkənin ərazilərinin işğalı Gürcüstanda, Moldovada və Ukraynada stabilliyi pozan hadisələrə imkan yaradan və Qazaxıstan və Baltik ölkələri üçün də belə nəticələrə gətirib çıxara biləcək amil oldu.