...

Mübariz Əhmədoğlu: Avropa Komissiyasının Fransaya verdiyi mandatını geri çağırması ATƏT MQ-nin işini stimullaşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2015 10:24 (UTC +04:00)
Həm ATƏT MQ struktur kimi, həm də həmsədrlər şəxsiyyət kimi öz funksiyalarını yerinə yetirə bilmirlər. Dağlıq Qarabağ münaqişəsi regionu müharibəyə doğru sürətlə irəliləyir.
Mübariz Əhmədoğlu: Avropa Komissiyasının Fransaya verdiyi mandatını geri çağırması ATƏT MQ-nin işini stimullaşdıracaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Həm ATƏT MQ struktur kimi, həm də həmsədrlər şəxsiyyət kimi öz funksiyalarını yerinə yetirə bilmirlər. Dağlıq Qarabağ münaqişəsi regionu müharibəyə doğru sürətlə irəliləyir. Ermənistan silahlanma üzrə Avropada birinci oldu. Rəsmi Yerevan müharibəyə hazırlaşdığını aşkar şəkildə bəyan etdi". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi başa düşür ki, Dağlıq Qarabağ müharibəsi labüddür: "Ermənistana isə uzaq zamanda başlayan müharibə yalnız məğlubiyyət gətirəcəkdir. Çünki Azərbaycanla Ermənistanın hərbi gücü arasındakı fərq sürətlə Ermənistanın ziyanına artmaqda davam edir. Ona görə də Ermənistana yaxın zamanların müharibəsi lazımdır. Bu halda onlar nəzəri cəhətdən qələbə barədə düşünə bilərlər. Bütün bunlar ATƏT MQ-nin fəaliyyətinin yaratdığı vəziyyətdir. ATƏT MQ heç bir halda Ermənistanı tənqid etməyib. Prezidentlərin Paris görüşünə münasibət bildirməyən həmsədrlər helikopterin vurulmasına dair iki dəfə bəyanat verdilər. S.Sarkisyanın Azərbaycan ərazisi hesab etdiyi Ağdamı ATƏT MQ "heç kimə məxsus olmayan ərazi" adlandırdı. ATƏT MQ-nin tərkibi, mandatı və nizamnaməsində problemlər var. Həmsədrlərin insan kimi qüsurları da göz qabağındadır; Onların eşitmə, görmə və danışıq qabiliyyətlərində problem var. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi regionunda baş verən bəzi şeyləri görmürlər, bəzi fikirləri eşitmirlər. Daha böyük problem linqvistik problemdir. Həmsədrlər bəzi terminləri və fikirləri ümumiyyətlə deyə bilmirlər, bəzi fikirləri isə çox tez-tez səsləndirirlər. Bəzən düşünməli olursan ki, həmsədrlər "Hərtərəfli (Böyük) Sülh Müqaviləsi" terminini işlədən kimi hər üçü iflic olacaqdır".

M.Əhmədoğlu qeyd edib ki, Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsi regionunu da yeni təhdidlərlə üz-üzə qoyub.

Onun sözlərinə görə, Aİ Cənubi Qafqaz regionunun enerji resurslarına daha böyük ehtiyac hiss edir:

"Rusiyanın istənilən əmrini yerinə yetirən Ermənistan Xəzərin enerji resurslarının Avropaya axmasına istənilən maneəni törədə bilər. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının Praqadakı 5 illik yubileyi zamanı Ermənistan prezidenti S.Sarkisyan Aİ-ni antirusiya fəaliyyətdə günahlandırdı. Bu həmin Serj Sarkisyandır ki, özü Aİ-ni antirusiya fəaliyyətə qızışdırırdı. Yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinə aydın və vahid standartlara söykənən strategiya tələb edir. Almaniya bu həqiqəti dərk edən ilk dövlətdir. Krım münaqişəsinə göstərdiyi münasibətə bənzər münasibəti də Dağlıq Qarabağ münaqişəsinə nümayiş etdirir. Ərazi bütövlüyü prinsipi vahid universal standarta çevrilir. Almaniya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etməklə yanaşı həm də Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini rəsmən bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada federal kansler Anqela Merkellə görüşü zamanı A.Merkel Almaniyanın vasitəçiliyə hazır olduğunu bəyan etdi. Onun fikrincə, Azərbaycan Prezidenti bu məsələni, yəni Almaniyanın vasitəçilik məsələsini Avrokomissiya ilə müzakirə edəcəyini bildirdi".

M.Əhmədoğlu hesab edir ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə razılıq verməsi mühüm hadisədir.

Onun sözlərinə görə, uzun müddət Almaniya Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə razılıq verməmişdi, indi isə verir:

"Almaniyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyini reallaşdırmağın iki yolu var: Birincisi, Aİ özünün Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyini elan edir və bu funksiyanı icra etməyi Almaniyaya tapşırır. Almaniya Avropada ən güclü iki dövlətdən biridir. Yeri gəlsə Böyük Britaniyanı da bu prosesə qoşmaq olar, çünki 2014-cü il ərzində Almaniya kimi Böyük Britaniyanın da Dağlıq Qarabağ tənzimlənməsinə bağlı mövqeyində ciddi dəyişiklik baş verib. Dəyişiklik ərazi bütövlüyü prinsipinin dəstəklənməsi və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması istiqamətindədir. Hər halda Almaniya kansleri vasitəçiliyə razılıq verdiyi üçün təkbaşına və ya digər dövlətlərlə birlikdə vasitəçilik etməsi məsələsini də özü müəyyənləşdirməlidir".

Politoloq əlavə edib ki, ikinci variant Avrokomissiyanın ATƏT MQ-də Aİ-ni təmsil etməklə bağlı Fransaya verdiyi mandatı geri çağırmasıdır.

Onun fikrincə, bu məsələni ATƏT MQ-nin üzərinə qoymaq olmaz: "ATƏT MQ-də qərarlar konsensusla qəbul edilir. Ermənistan bütün parametrlər üzrə status-kvonun tərəfdarıdır. Ona görə qərara veto qoyacaqdır. Amma Avrokomissiya Fransanı həmsədrlikdən geri çağırsa status-kvonun tərəfdarları müqavimət göstərə bilməyəcəklər. Bununla da Avrokomissiya ATƏT MQ həmsədr institutunu buraxmış olur. Çünki həmsədr institutu üçlü olmalıdır. 2 həmsədr ola bilməz. Beləliklə, Avrokomissiyanın əlində həmsədr institutunu buraxıb, yenidən formalaşdırmaq imkanı yaranır. Yaranmış vəziyyət özü ATƏT MQ həmsədrlərini xeyli aktivləşdirə və fəaliyyətini beynəlxalq hüquq normalarına uyğunlaşdıra bilər. Eləcə də ATƏT MQ həmsədrlərinin görmə, eşitmə və danışıq problemləri də aradan qalxa bilər. ATƏT MQ həmsədrliyi institutunun yenidən formalaşmasına da ən azı iki istiqamətdən yanaşmaq mümkündür: Birincisi, həmsədrlik institutu tam Avropa ölkələrinə keçir, çünki Dağlıq Qarabağ münaqişəsi Avropa regionunun münaqişəsidir, ona görə Rusiya, Almaniya və Fransadan ibarət həmsədrlik institutu yaradılır. ABŞ həmsədrlikdən uzaqlaşdırılır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ən ilkin mənbəyidir".

M.Əhmədoğlu əlavə edib ki, ABŞ Dövlət Departamentinin yüksəkçinli məmurları bu və ya digər dərəcədə ABŞ-dakı ermənilərlə xüsusi korporativ əlaqələrə malikdir: "Hətta ABŞ-ı Böyük Britaniyanın əvəzləməsi variantı üzərində də düşünmək olar. İkinci istiqamət və ya variant isə Fransanın Almaniya ilə əvəzlənməsidir. ABŞ-ın Böyük Britaniya tərəfindən əvəzlənməsi məsələsi də bu halda da yerindədir. Bütün hallarda Avrokomissiyanın əlində Dağlıq Qarabağ tənzimlənməsini stimullaşdırmaq üçün yeni imkanlar yaranıb. Ermənistan yenidən Aİ-lə Assosiativ müqaviləni imzalamasını aktiv şəkildə gündəliyə gətirib".

M.Əhmədoğlu vurğulayıb ki, Rusiya Ermənistanı AİB-ə üzv qəbul edərkən Ermənistana Dağlıq Qarabağı öz tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı öhdəlik götürtdü: "Ermənistan AİB-ə beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində üzv oldu. Aİ-nin Cənubi Qafqaz regionuna ehtiyacı RF-in bu regiona ehtiyacından bəlkə də daha çoxdur. Ona görə Avrokomissiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivlik nümayiş etdirməklə regionun təhlükəsizliyinin təmininə sanballı töhfə vermiş olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti