...

Hərb Tarixi muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq onun dəhşətləri, ağrı-acısı qan yaddaşımızda əbədi həkk olunub. Azərbaycan Hərb Tarixi muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, veteran və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq çıxışına Ulu öndər Heydər Əliyevin bu cinayət aktı barədə dediyi sözlərlə başlayıb: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Ə.Qənizadə bildirib ki, dünya tarixi dinc insanların kütləvi qətliamını həmişə dəhşətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər: "Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən ermənilər də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər".

Anım mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərb Tarixi muzeyi, Mərkəzi Zabitlər Evi nümayəndələrinin və digər qonaqların çıxışları ilə davam edib.

Sonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti