Bakı. Azad Həsənli - Trend:
Ermənistan hökuməti 2015-ci ildə Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərinin maliyyələşdirilməsinə 116 milyon dollardan çox vəsait ayıracaq. Trend-in məlumatına görə, müvafiq proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında əks olunub.
Hesabata əsasən, bu vəsait ölkə ÜDM-in təqribən 1,1 faizini təşkil edir (bu il Ermənistan ÜDM-in həcminin təqribən 10,6 milyard dollar olacağı gözlənilir).
Bununla hesabatda qeyd edilib ki, ötən il Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərinə ayrılmış vəsaitin məbləği ÜDM-in 0,9 faizini təşkil edib.
Bununla da, 2015-ci ildə Ermənistanın xarici borcu ÜDM-in 48,2 faizinədək arta bilər. Fond Ermənistanın xarici borcunun 2017-ci ilədək (ÜDM-in 51,6 faizi) artacağını və yalnız 2020-ci ilə (ÜDM-in 50,9 faizi) cüzi yaxşılaşacağını proqnozlaşdırır.
Fond Ermənistanda iqtisadi vəziyyətin bundan sonra da pisləşməsi səbəbləri sırasında Azərbaycanla münaqişəni də göstərib.
Fondun ekspertlərinin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi riski yüksəkdir və münaqişəyə Rusiya və Türkiyə də cəlb oluna bilər.