...

XİN: Azərbaycan işğalın nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüsləri dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2016 19:26 (UTC +04:00)
Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir.
XİN: Azərbaycan işğalın nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüsləri dəstəkləyir

Bakı. Trend:

Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında ölkəmizlə bağlı məruzələrin müzakirəsini şərh edərkən deyib.

H.Hacıyev xatırladıb ki, AŞ PA-nın 2016-cı il yanvarın 26-da keçirilmiş plenar iclasında ölkəmizlə bağlı iki məruzə müzakirə edilib. Məruzəçi Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib: "Azərbaycanın sərhəd rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamədə AŞ PA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir. Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması "ekoloji təcavüz" və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir".

Onun sözlərinə görə, eyni zamanda sənəddə Assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir: "Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemlərini nəzərə alaraq, Ermənistan silahlı qüvvələrininin ərazidən dərhal çıxarılmasına çağırış edilir. Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur".

XİN rəsmisi bildirib ki, təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilmədi: "Səsvermədə iştirak edən AŞ PA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verdi, 45 nəfər bitərəf qaldı".

H.Hacıyev qeyd edib ki, münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə, Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti