...

Həmsədr ölkələrin fəallaşması nə vəd edir?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2016 21:20 (UTC +04:00)

Bəxtiyar Hacıyev - Trend:

Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələrin aparılması intensiv xarakter alıb. Mayın 17-də keçirilmiş Vyana görüşündən daha çox məhz iyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən sonra məsələyə diqqət xeyli artıb.

Üçtərəfli görüşdə prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər və ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Həmçinin iyulun 1-də Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Fransua Ollandla, iyulun 2-də ABŞ dövlət katibi Con Kerrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, iyulun 6-da isə Vladimir Putinin ABŞ Prezidenti Barak Obama ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etməsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin problemin həlli yolunda artıq konkret addımlar atmaqda qərarlı olduqlarından xəbər verir.

Barak Obama Vladimir Putinlə telefon danışığı zamanı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini artırmağa hazır olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Birləşmiş Ştatların Prezidenti Barak Obamaya ABŞ-ın müstəqillik günü münasibətilə ünvanladığı təbrikdə vurğuladı: “Biz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik”.

Bundan bir qədər əvvəl - iyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olundu, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamikanın verildiyi qeyd olundu.

Bundan başqa, son vaxtlar Almaniya da ATƏT-in sədri qismində münaqişənin nizamlanmasına töhfə verməkdə maraqlı olduğunu göstərir. Bu yaxınlarda Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Bakıya səfəri zamanı bəyanatları ilə diqqət çəkdi. Sədr ATƏT-in Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün alətlərdən istifadə edəcəyini, münaqişənin konstruktiv həllinə nail olmağın vacibliyini vurğuladı.

Münaqişənin nizamlanması Varşavada keçirilən sammit çərçivəsində də müzakirə olundu. Polşada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşdü. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Hər halda sərhədlərinə yaxın ərazilərdə aktiv münaqişə ocaqlarının mövcudluğunu arzulamayan NATO-nun baş katibi Yens Stoltenberq isə Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu məsələnin Varşava sammitinin yekun sənədində qeyd edilməsinə çağırdı.

Dağlıq Qarabağ probleminin NATO sammiti çərçivəsində müzakirəsi münaqişəyə dünya səviyyəsində diqqəti daha artıracaq, həmçinin məsələ ilə bağlı müəyyən nəticənin əldə olunmasına gətirib çıxara bilər.

Bu da son deyil. Belə ki, artıq Ermənistana səfərini başa vurmuş Sergey Lavrov gələn həftə Azərbaycana gələcək. Səfərin əsas mövzusunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacağı şübhəsizdir.

Münaqişənin müzakirəsi ilə bağlı yüksək səviyyəli görüşlərin, telefon danışıqlarının davam edəcəyi gözləniləndir. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üzərində iş davam edir.

Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman olduğu kimi, aprel hadisələrindən sonra da beynəlxalq tribunalarda - mayın 23-də İstanbulda I Dünya Humanitar Sammitində, iyunun 7-də Almaniyaya səfəri çərçivəsində çıxışı zamanı, eləcə də bir sıra yüksək səviyyəli görüşlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini açıq-aydın bəyan etdi, problemin həlli üçün erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirdi. Təbii ki, dövlət başçısının bu bəyanatları da aparıcı ölkələrin liderlərini hərəkətə gətirdi, onların diqqətini problemin həllinin vacibliyinə, münaqişənin regionun sabitliyinə böyük təhdid olduğuna yönəldə bildi.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə düzgün siyasət yürütməklə bütün dünyaya Dağlıq Qarabağ probleminin “dondurulmuş” münaqişə olmadığını göstərdi. Azərbaycan aprel hadisələrindən sonra Ermənistanı danışıqlar masasına oturtmağa, münaqişənin həllinə ən ali səviyyədə diqqətin artırılmasına nail oldu. Çoxdandır passivlikdə ittiham edilən Minsk qrupunun həmsədr ölkələrinin və ATƏT-in özünün son vaxtlar belə fəallıq nümayiş etdirməsi tezliklə münaqişənin nizamlanması üzrə hər hansı ümumi razılığın əldə olunacağına ümidləri artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti