Bakı.İlhamə İsabalayeva - Trend:
"Cəbrayılın Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpası və insanların öz doğma evlərinə qayıtması bizdə əminlik yaradır ki, məcburi köçkünlərin işğaldan azad olunacaq torpaqlara qayıtması uzaqda deyil".
Trend-in məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Sədr müavininin sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 25 ilə yaxındır ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün xeyli hissəsi sıx məskunlaşma yerlərində ağır şəraitdə yaşamağa məhkumdurlar.
F.Hüseynov deyib ki, Azərbaycan hökuməti tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərilir. Qaçqın və məcburi köçkünlər üçün ümumiilikdə indiyə kimi 3,3 milyon kvadrat metr yaşayış sahəsi olan 98 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 52 min ailə, yaxud 265 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
F.Hüseynov bildirib ki, indiyədək qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub. Bunun 2,1 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir.
Komitə rəsmisinin sözlərinə görə, son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub.