Bakı. Trend:
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı Bolqarıstanın aparıcı televiziya və radiosuna müsahibə verib.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın “BGONAİR” televiziya kanalına və “DARİK” radiosuna müsahibələr verib.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırmışdır.
Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafında yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı, burada qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı qeyd olunmuşdur. Son bir neçə gün ərzində Ermənistanın Azərbaycan kəndləri və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali arasında ölən və yaralanların mövcud olduğunu vurğulayan N.Qurbanova müvafiq şəkilləri əyani sübut olaraq göstərmişdir. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinə ballistik raketlərlə hücum edilməsinin bunun bariz nümunəsi olduğu və insanlıq əleyhinə törədilmiş cinayət olması vurğulanmışdır. Bu xüsusda qeyd olunmuşdur ki, Azərbaycan tərəfi Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almır.
Münqaşənin tarixi barədə məlumat verən səfir ölkəmizin Azərbaycan Respublikası ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyü, Azərbaycan tərəfinin münaqişənin siyasi yol ilə həll edilməsinin tərəfdarı olduğu söylənilmişdir.
N.Qurbanova vurğulayıb ki, əvvəlki cinayətkar hərbi xuntanı devirən Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda rəhbərlik dəyişikliyi əvvəllər münaqişənin həllində müəyyən ümidlərə yol açsa da, Ermənistanın yeni baş naziri ölkədə inkişaf vədləri yerinə yetirmək iqtidarında ola bilməməsi, daxili siyasi gərginlik və xalqının narazılığı fonunda münaqişə ilə bağlı mövqeyini radikallaşdırmışdır. Türkiyə və ya muzdluların Azərbaycan tərəfindən münaqişəyə cəlb olunmasını təkzib edən səfir Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, Azərbaycanın strateji tərəfdaşı olmasına baxmayaraq Minsk qrupunun üzvü olan Türkiyənin münaqişədə iştirakı etmədiyini, ölkəmizə siyasi dəstək göstərdiyini və Azərbaycan Ordusunun öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün olduqca hazırlıqlı olduğunu qeyd etmişdir. Əlavə olunmuşdur ki, mövcud məlumata əsasən Ermənistan tərəfindən çoxlu sayda əcnəbi muzdlular və terrorçuların döyüşməsinə dair faktlar mövcuddur.
Bundan əlavə, Azərbaycanın Ermənistan ərazisində nə hərbi, nə də mülki hədəfinin olmadığını söyləyən səfir BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulamışdır.
Müsahibələrin tam mətni ilə növbəti internet keçidi vasitəsilə tanış olmaq mümkündür: