...

Araz Əzimov: 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün imkanlar vardır və tərəflər bundan istifadə etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2005 19:01 (UTC +04:00)

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin 2006-cı ilin yanvarın sonu - fevralın əvvəlində tərəflərin öncədən razılaşdırdığı yerdə görüşünün keçirilməsi məsələsini ciddi nəzərdən keçirir. Trend bildirir ki, dekabrın 19-da Bakıda keçirilmiş brifinqdə AR XİN başçısının müavini Araz Əzimov bu barədə bəyan edib. O, qeyd edib ki, ATƏT-in bu günlərdə Cənubi Qafqaz regionuna gəlmiş Minsk qrupu həmsədrləri görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Onun sözlərinə görə, ola bilsin ki, dövlət başçılarının görüşü ərəfəsində Azərbaycan və Ermənistan XİN başçıları danışıqlar aparsın. Amma görüşün konkret tarixi və yeri hələlik məlum deyil.

"Görüşü görüş xatirinə yox, konkret nəticələr alınmasına görə keçirmək lazımdır"-deyə AR XİN başçısının müavini bildirib və qeyd edib ki, "2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün imkanlar vardır və tərəflər bundan istifadə etməlidir".

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına toxunan Araz Əzimov qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağ ətrafı ərazilərin azad edilməsi və bu ərazilərin Azərbaycanın nəzarətinə verilməsi, eləcə də qaçqınların regiona qaytarılması məsələləri danışıqlar prosesinin "qaçılmaz şərtləridir" və bu məsələlər hər bir halda yerinə yetirilməlidir. AR XİN başçısı müavininin sözlərinə görə, Azərbaycana qarşı "etnik təmizləmə" siyasəti aparılıb və bunun nəticələri aradan qaldırılmalıdır. "Bakının maraqlarına tamamilə cavab verməyən hər hansı bir saziş məqbul deyil"-deyə sonda Araz Əzimov qeyd edib və bildirib ki, "Ermənistan tərəfdən də sülh çağırışlarının səsləndirilməsi, şübhəsiz ki, müsbət nəticə olardı və bu, gələcəkdə Ermənistan ilə Azərbaycanın yaxınlaşmasına müsbət təsir edər".

Xəbər lenti

Xəbər lenti