Şimali Kipr Türk Respublikası (ŞKTR) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyini tam dəstəkləyir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İKT Xarici İşlər nazirləri Şurasının 33-cü sessiyasında iştirak etmək üçün iyunun 21-də Bakıda səfərdə olan iqtisadiyyat və turizm naziri Derviş Kamal Deniz bəyan edib.
"Kiprda yaşayan türklər həmişə Azərbaycanın ərazi bütövlüyünün leyhinə çıxış edib və bundan sonra da çıxış edəcək. Onlar inanırlar ki, rəsmi Bakı ölkənin ərazi bütövlüyünün bərpası işini sona çatdıracaq" - deyə D.K. Deniz qeyd edib.
Bununla yanaşı, ŞKTR-ın Nazirlər Kabinetinin üzvü Ermənistan-Azərbaycan və Kipr münaqişələrinin müqayisə edilməz oluduğunu vurğulayıb. "Bunlar mahiyyətcə tamamilə fərqli münaqişələrdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı faktına əsaslanır, Kipr problemi isə Kipr türklərinin dövlətin işində bərabər hüquqlu iştirakının nəticəsidir. Bu hüquq 1960-cı il sazişləri ilə təsdiqlənib" - deyə D.K.Deniz vurğulayıb.