...

QAT amerikalı həmsədrin Xankəndinə Ermənistandan getmək niyyətinə etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2006 14:49 (UTC +04:00)

"Minsk qrupunun amerikalı həmsədrinin Xankəndinə, işğal olunmuş ərazilərə məhz Ermənistandan getmək istəyi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və Ermənistanın işğalçı hərəkətlərinin dəstəklənməsi kimi qiymətləndirilə bilər". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı bəyanatındandır.

Bəyanatda deyilir ki, amerikalı həmsədr Metyu Brayzanın bu günlərdə regiona nəzərdə tutulan səfərini İrəvandan Xankəndinə getməklə başlamaq niyyətində olduğu barədə məlumatlar yayılıb. Amerikalı həmsədrin Xankəndinə, işğal olunmuş ərazilərə məhz Ermənistandan getmək istəyi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlamətidir: "M.Brayzanın bu hərəkəti Minsk qrupu həmsədrlərinin, onların təmsil etdikləri ölkələrin birmənalı şəkildə ermənipərəst mövqe tutduqlarını, işğalçı Ermənistanı himayə etdiklərini bir daha təsdiq edir. Digər tərəfdən, amerikalı həmsədrin bu addımı Ermənistanın işğal olunmuş ərazilərdə yaratdığı qondarma "DQR" adlı separtçı rejimin təbliğ edilməsinə, orada yuva salmış terrorçu dəstənin süni şəkildə danışıqlar prosesinə cəlb edilməsinə yönəlib"-deyə bəyanatda vurğulanır.

Qarabağ Azadlıq Təşkilatı amerikalı həmsədr M.Brayzadan bu məkrli niyyəti ilə bağlı dərhal açıqlama verməsini və Xankəndinə Ermənistandan getmək istəyindən geri çəkilməsini tələb edir. QAT həmçinin Azərbaycan hakimiyyəti nümayəndələrindən bu səfərin qarşısının alınması üçün təcili tədbirlər görmələrini, əks halda isə amerikalı həmsədrlə görüşdən imtina etmələrini tələb edir: "Qarabağ Azadlıq Təşkilatı Minsk Qrupunun ermənipərəst mövqeyini bir daha təsdiq edərək, bu qurumun işinin dayandırılması istiqamətində konkret addımlarını davam etdircəyini bildirir".

Xəbər lenti

Xəbər lenti