...

Denis Sammut: "Dağlıq Qarabağ problemi Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun müzakirə etdiyi əsas məsələlərdən biridir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2006 12:23 (UTC +04:00)

Dağlıq Qarabağ problemi Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun müzakirə etdiyi əsas məsələlərdən biridir. Bu barədə Trend ə Böyük Britaniyanın LİNKS (Dövlət Quruculuğu və Münaqişələrin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut bildirib.

Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun plenar iclasları LİNKS təşkilatı çərçivəsində keçirilir.

D.Sammut bildirib ki, Dağlıq Qarabağ problemi sadəcə olaraq danışıqlar prosesi olduğuna görə yox, əhəmiyyətli məsələ olduğundan Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu tərəfindən gündəmdə saxlanılır. İcraçı direktor onu da əlavə edib ki, 2003-cü ildə bu məsələ ilə bağlı danışıqlar Şotlandiyada aparılıb: "Bu məsələ müxtəlif beynəlxalq təşkilatlar və prezidentlər arasında müzakirə olunub. Təşəbbüs Qrupu bu məsələyə töhfəsini verə biləcək yeni ideyaların ortaya çıxması üçün öz köməkliyini göstərəcək".

D.Sammut onu da bildirib ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun bu məsələ ilə bağlı mövqeyi heç də ATƏT-in Minsk Qrupunun funksiyasını əvəz etmək məqsədi daşımır: "Biz ümid edirik ki, bu məsələ ilə bağlı Təşəbbüs Qrupu səviyyəsində daha əhəmiyyətli müzakirələrin aparılmasına şərait yaradılacaq".

Qeyd edək ki, LİNKS keçid mərhələsində olan cəmiyyətlərdə sülh və demokratik dövlət quruculuğu məsələləri ilə məşğul olan beynəlxalq QHT-dir. Bu təşkilat 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu isə 2003-cü il mayın 13-də yaradılıb.

Xəbər lenti

Xəbər lenti