...

Əli Həsənov: "Yük vaqonlarında məskunlaşan köçkünlər üçün qəsəbələrin tikilməsinə başlanılıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2006 14:19 (UTC +04:00)

"Yük vaqonlarında məskunlaşan köçkünlər üçün qəsəbələrin tikilməsinə başlanılıb". Trend in məluatına görə, bu barədə oktyabrın 13-də mətbuat konfransı keçirən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov açıqlama verib.

O qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı 12 çadır şəhərciyindən 9-u ləğv olunub. Qalan üçündən ikisi Saatlı, biri Sabirabaddadır.

Bu şəhərciklərdə 4260 ailə yaşayır, onlardan 500-ə qədəri Saatlıda dəmir yolu yük vaqonlarında məskunlaşıb. Ə.Həsənovun sözlərinə görə, onlar üçün qəsəbələrin tikilməsinə başlanılıb: "Çadır şəhərciklərində yaşayan 4260 ailənin 161-i Zəngilandan olanlardır və öz istəkləri ilə Sabirabadda qalıblar. Artıq torpaq götürülüb, tikintiyə başlanılıb. 37 ailə isə Ağdam köçkünüdür və Ağdamın İmamqulubəyli kəndi yaxınlığında onlar üçün qəsəbə tikilib. 27 ailə Laçın köçkünləridir və onlar üçün də hazırda Laçın Taxta Körpüsü yaxınlığında qəsəbə tikilir. Qalan 3900-ə qədər ailə isə Füzuli və Cəbrayıl köçkünləridir. Füzuli köçkünləri üçün bu rayonun ərazisində torpaq götürürüb, 5 qəsəbə salınacaq"-deyə Ə.Həsənov bildirib.

Qaçqınkom sədrinin sözlərinə görə, Füzuli rayonu ərazisində ayrılan sahədə minaların təmizlənməsi işi bu ayın sonuna qədər başa çatdırılacaq və ərazi Komitəyə təhvil veriləcək. Ondan sonra qəsəbənin tikintisinə başlanılacaq. Biləsuvarda isə Cəbrayıl köçkünləri üçün tikilmiş qəsəbələrə bitişik ərazilər götürülüb və orada tikinti işlərinə artıq başlanılıb.

"Bu, çadır şəhərciklərinin ləğvidir. Torpaqların işğaldan azad olunması prosesi uzanarsa, dövlət proqramına əsasən, növbəti mərhələ fin qəsəbələrinin ləğvidir. 15 fin qəsəbəsində 35 min nəfər köçkün yaşayır. Fin qəsəbələri hazırda çox pis vəziyyətdədir. Çünki onların istifadə müddəti 4-5 ildir, amma köçkünlər 12 ildən çoxdur orada yaşayırlar. 6 minə qədər köçkün isə məktəblərdə yaşayır. Məktəblərlə fin qəsəbələrinin köçürülməsi prosesi paralel gedəcək"-deyə Ə.Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkədə 1650 müvəqqəti məskunlaşma obyekti var. Bütün obyektlədən məcburi köçkünlərin köçürülməsi prosesi ardıcıllıqla davam edəcək.

Xəbər lenti

Xəbər lenti