...

Ukrayna BMT-ni münaqişələrin həlli üçün regional təşkilatlarla əməkdaşlığı möhkəmləndirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2006 12:19 (UTC +04:00)

BMT Baş Assambleyası BMT-nin regional təşkilatlarla əməkdaşlığına həsr olunmuş toplantı keçirib. Trend BMT-nin məlumatına istinadən xəbər verir ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) üzvləri adından BMT iştirakçıları qarşısında çıxış edən Ukraynanın xarici işlər nazirinin müavini Vladimir Xandoqiy sülhməramlı fəaliyyətdə BMT-nin regional təşkilatlarla qarşılıqlı əlaqəsini möhkəmləndirməyə çağırıb.

O cümlədən, o, Gürcüstan, Moldova və Azərbaycan ərazisində uzunsürən münaqişələrin həlli üzrə tədbirləri fəallaşdırmağa çağırıb. Ukrayna nümayəndəsi bu münaqişələrin 15 ildən çox davam etdiyini vurğulayıb.

"Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ATƏT-in bölgəmizdə sabitliyə, demokratiyaya və iqtisadi çiçəklənməyə ən ciddi maneə yaradan bu münaqişələrin həlli üzrə əməli addımlar atmağa davam etmələri son dərəcə vacibdir", - deyə V.Xandoqiy qeyd edib.

Nazir müavini BMT-yə üzv ölkələrin GUAM ərazisində uzunsürən münaqişələr və onların beynəlxalq aləm, təhlükəsizlik və inkişaf üçün nəticələri haqqında məsələnin Baş Assambleyanın gündəliyinə daxil edilməsini dəstəklədiklərinə görə onlara öz minnətdarlığını bildirib. O ümidvar olduğunu bildirib ki, bu addım Azərbaycan, Gürcüstan və Moldovada münaqişələrin həlli üzrə daha fəal işlərə səbəb olacaq.

V.Xandoqiy maraqlı tərəfləri Dağlıq Qarabağ və gürcü -abxaz münaqişələrinə aid Təhlükəsizlik Şurasının qətnaməsini və ATƏT-in qərarını icra etməyə, eləcə də Cənubi Osetiyada münaqişənin sülh yolu ilə nizamlanması planını reallaşdırmağa çağırıb. O, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna prezidentinin Dnestryanı münaqişəyə dair "Demokratiya vasitəsilə nizamlanma" təşəbbüsünə yönəldib və onun reallaşdırılmasına çağırıb.

Ukrayna XİN nümayəndəsi BMT-nin GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) və ATƏT ilə əməkdaşlığının möhkəmləndirilməsinin zəruri olduğunu bildirib. O deyib ki, QİƏT bölgədə fəaliyyətin müxtəlif sahələrində, o cümlədən, energetika sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verir.

"İqtisadi təhlükəsizlik məsələsi bu gün Avropa üçün ən vacib məsələlərdəndir. Qara dəniz-Xəzər bölgəsi enerji resurslarının Avropaya təhlükəsiz və sabit nəqli üçün çox mühümdür. GUAM ölkələri Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində energetika layihələrinin irəliləməsində fəal iştirak etməyə hazırdır", - deyə Ukraynanın xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti